Ana Sayfa > Media > Azərbaycan yeni şəhərsalma təcrübəsini nümayiş etdirir

Azərbaycan yeni şəhərsalma təcrübəsini nümayiş etdirir


10-10-2022, 13:38. Yazar: sevinc1
Azərbaycan yeni şəhərsalma təcrübəsini nümayiş etdirir

Azərbaycan postmünaqişə dövrünün reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirməklə yanaşı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh təklifini etdi. Dövlət başçısı İlham Əliyev bu günlərdə Ağdamda keçirilən  Azərbaycan Milli Şəhərsalma Forumunda  “Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik” bəyanatını səsləndirməklə Ermənistana və onun havadarlarına ciddi düşünməyin, sülh müqaviləsini imzalamağın zamanı olduğunu çatdırdı. Daim qeyd etdiyimiz kimi, keçirilən hər bir beynəlxalq tədbir iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan Milli Şəhərsalma Forumu milli platforma kimi yaradılsa da dünyanın 44 ölkəsindən 130 nümayəndəni, ümumilikdə 400-dən artıq iştirakçını bir araya gətirməklə  artıq beynəlxalq platformaya çevrilərək reallıqlarımızın dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyəcəyinə şübhə yaratmır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı özündə bugünümüz üçün  bir tələb olan çağırışları birləşdirdi, birgə addımların atılmasının zəruriliyi vurğulandı. Ağdamın milli platformanın təqdimatında mühüm məkan kimi seçilməsi təsadüfi deyil. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından  nadir və uğurlu platformadır. Bu platforma şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq. Hazırda Azərbaycan təkcə paytaxt Bakıda deyil, regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Ağdam şəhərinin timsalında bunu aydın şəkildə görürük. Nəzərə alaq ki, azad edilmiş ərazilərimiz müasir çağırışlara uyğun olaraq “ağıllı  şəhər” və “ağıllı  kənd” layihəsi əsasında  bərpa edilir. Bütün yeniliklər şəhərlərin Baş planlarında öz əksini tapıb.  Artıq “ağıllı kənd” layihəsi əsasında yeni qurulan Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. “Ağıllı şəhər”in ilk qonağı isə Ağdam olacaq. Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Bu Forumda da tədbir iştirakçılarına çatdırıldı ki, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edib.  Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Əvvəldə də qeyd etdiyimiz kimi, bu sadalananlar fonunda  Azərbaycan Ermənistana sülh təklifini edib. Qarşı tərəfin hələ də konkret addım atmaq barədə düşünməməsi müxtəlif fikirlərin yaranmasına səbəb olur. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Eyni zamanda, himayədarları ilə artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmağa səy göstərir. Azərbaycan tarixi Zəfərimizdən sonra Minsk qrupunun vasitəçiliyinə ehtiyacın olmadığını  hər zaman bəyan edir.  30 illik işğal dövründə missiyalarının nədən ibarət olduğunu dərk etməyən bəzi dünya gücləri bu gün özlərini bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı tərəf kimi göstərirlər. Xalqımız bu güclərin ikili standartlara əsaslanan siyasətlərinin hansı faciələrə, təxribatlara yol açdığını unutmayıb.  Zamanında Ermənistana sanksiyalar tətbiq olunsaydı, qınasaydılar vəziyyət bu hala gəlib çıxmazdı. Dövlət başçısı İlham Əliyev “İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar” söyləyərək Minsk qrupunun fəaliyyətinin canlandırılmasının mümkünsüzlüyünü bir daha  bu istiqamətdə səylər göstərən  dairələrə  bəyan etdi.  Azərbaycan özü  BMT qətnamələrini icra, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək  milli ləyaqətimizi bərpa edib. Artıq hər hansı vasitəçiliyə ehtiyac yoxdur.

Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri




Geri dön