Ana Sayfa > Gündəm > Azərbaycan Avropaya qaz ixracını artıracaq

Azərbaycan Avropaya qaz ixracını artıracaq


10-10-2022, 11:28. Yazar: sevinc1
Azərbaycan Avropaya qaz ixracını artıracaq

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında yeni yaradılmış siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Azərbaycanın bu beynəlxalq tədbirə dəvət alması Avropa İttifaqının respublikamıza getdikcə artan marağından xəbər verir və ölkəmizin qitənin enerji təhlükəsizliyində aparıcı rolunun bariz göstəricisidir. Məlumdur ki, dünyada və xüsusilə Avropada son bir ildə yaranmış geosiyasi vəziyyət qitə ölkələrinin alternativ enerji mənbələri axtarışını daha da intensivləşdirib. Bu şərait Azətbaycanın enerji resurslarına olan tələbatı kəskin şəkildə artırıb. Oktyabrın 6-da Praqada Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlərdən sonra Azərbaycan telekanallarına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev Avropada Azərbaycan qazına olan tələbatın artması və bu tələbatın ödənilməsi istiqamətində görülən işlər barədə açıqlamalar vermişdir. Dövlətimizin başçısı bildirmişdir ki, ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə ölkəmiz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Növbəti illərdə Azərbaycanın həm qazı, həm nefti, həm də elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər xeyli ixtisar ediləcək. Həmçinin Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Tezliklə Azərbaycan təkcə Avropa üçün deyil, həm də bütün dünya üçün çox önəmli strateji enerji tərəfdaşı olacaqdır.

Həmçinin öz müsahibəsində cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən danışaraq sülhə doğru irəliləmələrin olduğunu bildirib. Dövlətimizin başçısı bir müddət əvvəl baş tutmuş Brüssel üçtərəfli görüşlərinin, eləcə də Praqa dördtərəfli görüşlərinin sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıran önəmli görüşlər olduğunu qeyd edib. Praqada baş tutan görüşlər Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və onların gedişində önəmli məsələlər müzakirə olunub. Bu görüşlərin əsas məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu gün iki ölkə arasında təmaslar davam edir və artıq sülh prosesinə təkan verilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardınca hər iki ölkənin işçi qrupları artıq sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdırlar.

Praqa dördtərəfli görüşlərinin ən önəmli nəticəsi isə ölkəmizin maraqlarını təmin edən birgə bəyanatın qəbul edilməsi olub. Həmin Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Ölkəmizin suverenliyini tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön