Ana Sayfa > Ölkə > Azərbaycan xalqı öz torpaqlarına qırılmaz tellərlə bağlılığını bütün dünyaya bir daha nümayiş etdirdi
Azərbaycan xalqı öz torpaqlarına qırılmaz tellərlə bağlılığını bütün dünyaya bir daha nümayiş etdirdi8-10-2022, 11:31. Yazar: sevinc1 |
Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs bu torpaqlarda erməni işğalçılarının 30 il ərzində törətdikləri vəhşiliklərin, vandallığın acı nəticələrini öz gözləri ilə görür. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan sonra keçən iki il ərzində minlərlə xarici qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın hərbi-siyasi rejiminin işğal dövründə törətdikləri hərbi cinayətlərin izlərini müşahidə etmən imkanı əldə ediblər. Bu ilin oktyabr ayının 5-də Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də dünya ictimaiyyətinin diqqətini bir daha bu vəhşiliklərə cəlb etmək üçün geniş imkanlar verdi. Forumun 40-dan artıq xarici ölkəni təmsil edən iştirakçıları ermənilərin işğal dövründə Azərbaycan xalqına yaşatdıqları dəhşətlərin miqyasını qismən də olsa özləri müəyyən etmək imkanı aldılar. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağdam Forumunun açılış mərasimində çıxış edərək bir daha diqqətə çatdırdı ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan şəhərlərinin tamamilə dağıdılması isə dünyanın hərb tarixində nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. 30 ilə yaxın müddət ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu illər ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Əlbəttə ki, hadisələrin məhz bu cür inkişaf etməsində dünya güclərinin yürütdükləri ikili standartlar siyasəti, beynəlxalq təşkilatların faktiki fəaliyyətsizliyi və nəticə olaraq Ermənistanın özünü tam cəzasılıq mühitində hiss etməsi böyük rol oynadı. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, münaqişənin həllində vasitəçilik etmək üçün ATƏT-dən mandat alan Minsk Qrupu və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da Ermənistanı qınamadılar. Əksinə, bütün səylər Azərbaycanı işğal faktı ilə barışdırmağa yönəldildi. Lakin Azərbaycan bu məsələni öz gücünə həll etdi və işğala son qoydu. Bu gün isə Azərbaycanın artıq hər hansı vasitəçiliyə ehtiyacı qalmayıb. Buna görə də bəzi qüvvələr tərəfindən bir vaxtlar mövcud olmuş və ATƏT-in Minsk Qrupu adlandırılan qurumun yenidən dirçəldilməsinə yönəldilən cəhdlər boş və əsassızdır. Bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan yenə də təkcə öz xalqının deyil, həmçinin bütün region xalqlarının ümumi maraqlarından çıxış edərək bu gün sülh çağırışları edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif etdi və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Artıq bu təklifi qəbul etmək və Azərbaycanla sülh müqaviləsini imzalamaqla münasibətləri normallaşdırmaq istiqamətində səy göstərmək Ermənistanın yeganə çıxış yoludur. Azərbaycan isə bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz dədə-baba yurdlarına geri qayıtması dövrünü yaşayır. İndiyədək Azərbaycanda 300 mindən çox məcburi köçkün vətəndaşlarımız üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və indi Böyük Qayıdış proqramının icrasına başlanılıb. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə, hətta əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi son dərəcə qürurverici haldır. Bu hal Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası anlayışını formalaşdırır və bir daha Azərbaycan xalqının öz Vətəninə, öz torpaqlarına qırılmaz tellərlə bağlı olduğunu bütün dünyaya nümayiş etdirir. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |