Ana Sayfa > Parlament > Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir
Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir4-10-2022, 10:09. Yazar: sevinc1 |
Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Düz iki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Elə bu məqamda vurğulamalıyıq ki, işğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular, qərargah binası mövcud olub. Məlumat üçün qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. 1050 kv.km-i əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb. Bildiririəm ki, Cəbrayıl rayonunda vaxtilə qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub. Rayonun Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb. 44 günlük Vətən Müharibəsində Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə, 1 şəhər və 80 kənd işğaldan azad edilib. Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 min 775 hərbi qulluqçusu bu medalla təltif edildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işidi, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik. Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir. Ülvi Rüstəmov, Salyan rayon Kürqaraqaşlı kənd sakini, Vətən müharibəsi iştirakçısı. Geri dön |