Ana Sayfa > Seçki 2024 > 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə böyük ehtiramın təcəssümüdür

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə böyük ehtiramın təcəssümüdür


3-10-2022, 11:16. Yazar: sevinc1
2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə böyük ehtiramın təcəssümüdür

Dünyanın siyasi tarixində mühüm rol oynayan, fəaliyyəti ilə həm beynəlxalq aləmdə, həm də öz ölkəsində dərin iz qoyan liderlərin sayı o qədər də çox deyil. Biz xoşbəxtik ki, öz xalqını firavan inkişaf yoluna çıxarmağa müvəffəq olan, yaddaşlarda əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
Belə ki, 2023-cü ildə anadan olmasının 100 illiyini təntənə ilə qeyd edəcəyimiz dünya-şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyev üzərinə götürdüyü bütün missiyalarda hər zaman millətinə inkişaf, sabitlik, böyük uğurlar qazandırıb. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyətdir.
Ulu Öndər Heydər Əliyevin siyasi karyerası təhlükəsizlik orqanlarında başlasa da, 1969-cu ildən taleyinə Azərbaycana rəhbərlik etmək missiyası düşmüşdü. Onun sayəsində qısa zaman kəsiyində Azərbaycan sənaye və kənd təsərrüfatı ölkəsi kimi ittifaq miqyasında ən qabaqcıl respublikalardan birinə çevrildi. 
Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə pozitiv keyfiyyətləri, dövləti və cəmiyyəti idarəetmə bacarığı o qədər məmnunluq doğurdu ki, 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi, 1982-ci ildə isə Siyasi Büronun üzvü kimi Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldi. O dövrün siyasi reallıqları ilə müqayisədə Azərbaycandan olan dövlət xadimi Heydər Əliyev üçün bundan böyük status ola bilməzdi.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin dövlət hakimiyyətinin ən yüksək zirvəsində güclü şəxsiyyət imicini özündə daşıması Azərbaycandakı erməni separatçılarının baş qaldırmasına imkan vermədi. Ümummilli Lider Nazirlər Sovetində öz vəzifəsinin icrasını davam etdirənə qədər, Moskvadakı ermənilər və onların təsirinə düşmüş keçmiş ittifaqın rəhbərliyi Azərbaycanla bağlı destruktiv planlarını həyata keçirə bilmirdi. Böyük şəxsiyyət Azərbaycanın mənafeyinin qorunmasında mühüm amil olduğu üçün ermənilər Ulu Öndər Heydər Əliyev Moskvadakı vəzifəsindən istefa verən kimi regionda vəziyyətə gərginləşdirmək üçün fəaliyyətə keçdilər. Bunu görən Ümummilli Lider hələ o vaxt Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Moskvanı tərk etdikdən sonra əvvəlcə blokada şəraitində yaşayan Naxçıvana rəhbərlik edən Ümummilli Lider çox keçmədi ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gəldi. Ulu Öndərin Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın bütövlüyünə, inkişafına xidmət edən bir amil oldu. Belə ki, Prezident Heydər Əliyev idarəçilikdə, siyasi proseslərdə, daxili və beynəlxalq miqyasda böyük uğurlar qazandı. Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısını almaq üçün bir sira ciddi tədbirlər görüldü.Nəticədə Azərbaycan parçalanmaqdan xilas oldu.Ölkədə əmin amanlıq yaranmağa başladı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Dünyanın nüfuzlu neft şirkətləri əvvəlcə Azərbaycana yatırımlar qoymağa tərəddüd edirdilər. Yalnız Ümummilli Lider Heydər Əliyevin güclü siyasi iradəsindən sonra neft şirkətləri, bütövlükdə beynəlxalq aləm ölkəmizə meyilləndi. 1994-cü ildə “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı və neft Azərbaycanın milli təhlükəsizlik faktoruna çevrildi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Belə ki, Azərbaycanda demokratik inkişaf prosesinin sürətli dövrü, bu istiqamətdə gərəkli olan bütün addımların atılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin Avropa Şurasına üzvlüyü, bu qurum qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyaların, mətbuatın inkişafı, qanunların Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanda demokratiyanın bərqərar olmasını  sübuta yetirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi təfəkküründə, analitik düşüncəsində iqtisadi resurslar, təbii ehtiyatlar Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsi, xarici müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-seçilən müstəqil dövlətə çevrilməsi üçün çox böyük amil idi. Böyük İpək yolunun yenidən fəaliyyətə keçməsi istiqamətində addımların atılması, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər qlobal strateji layihələrə imza qoymaq kimi məsələləri Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitəyə çevirdi.
Qeyd edək ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ulu Öndərin də vəsiyyəti yerinə yetirildi, Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. 
Beləliklə, yaşadığımız siyasi reallıqlar sübut edir ki, dünyaşöhrətli siyasətçi  Heydər Əlirza oğlu Əliyev zəngin dövlətçilik təcrübəsi olan, xilaskar, nüfuzlu və fenomen lider kimi xalqımızın qəlbində əbədi yaşayacaq. Azərbaycan xalqı qarşısında Ümummilli Liderin bütün bu xidmətlərini nəzərə alan Prezident İlham Əliyev sentyabrın 29-da imzaladığı Sərəncamla 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan edib. Öz xalqını tarixin mürəkkəb sınaqlarından uğurla çıxaran Ulu Öndər Azərbaycan dövlətinin və xalqımızın hörmətinə layiqdir. Buna görə də, birmənalı demək olar ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə böyük ehtiramın təcəssümüdür.

Semur Əsgərov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi
Geri dön