Ana Sayfa > Media > Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.

Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.


1-10-2022, 12:48. Yazar: sevinc1
Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.

Tarix sübut edir ki, hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir, məğlub tərəf qalibin diktə etdiyi reallıqlarla barışmaq məcburiyyətində qalır. Bundan sonra tərəflər arasında müxtəlif istiqamətli sazişlər də imzalana bilir.  Buna baxmayaraq təəssüflər olsun ki, işğalçı Ermənistanla Azərbaycan arasında 30 il davam edən keçmiş Dağlıq Qarabağ münaqişəsinə iki ilə yaxın müddətdə son qoyulsa da, hələ tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Bunun da səbəbləri cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Ermənistanın cəfəngiyatları, bəhanələri və hərbi təxribatlarıdır.  Real vəziyyət isə budur ki, qalib tərəf kimi Azərbaycan sazişin imzalanması üçün əlindən gələni, üzərinə düşən öhdəliyi reallaşdırmağa tam hazır vəziyyətdə olduğu halda rəsmi İrəvan hələ də bəhanələr gətirməklə prosesi uzadır. Bu azmış kimi, bölgədə sülhün-təhlükəsizliyin təmin olunmasını istəyən böyük güclər, beynəlxalq təşkilatlar bu ölkəyə sülh müqaviləsinin imzalanması prosesini yubatdığı üçün heç bir təzyiq göstərmirlər.  Qeyd edək ki, bu cür vəziyyət çox davam edə bilməz. Ermənistan gec-tez bu sazişə imza atmalıdır. Ona görə ki, artıq Dağlıq Qarabağ adlı münaqişə yoxdur, İkinci Qarabağ müharibəsi bu məsələni həll edib, indi sülh zamanıdır. Qalib komandan kimi İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. 
Azərbaycan sülhün, qarşılıqlı olaraq Ermənistanla bir-birilərinin ərazi bütövlüyünü tanımaqla Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün konkret addımlar atır. İlham Əliyev bütün çıxışlarında sülh prosesindən yayınan və bunun alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, barış sazişinin imzalanmaması bu ölkə üçün böyük fəlakət ola bilər. 
Yeri gəlmişkən, 2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri getdikcə güclənməyə başladı. Keçmiş hərbi xunta hakimiyyəti satqınlıqda günahlandırmaqla xalqı iqtidara qarşı üsyan etməyə çağırıb, ölkədə vəziyyəti gərginləşdirdi. Bu azmış kimi, ermənilər Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan torpaqlarında terrorçu dəstələrinin əli ilə təxribatlar törətdi. Lakin Azərbaycan Ordusunun "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları ilə qarşı tərəf ağır zərbə almaqla susduruldu. Bütün bu təxribatların sülh sazişi ilə bağlı aparılan danışıqlara xələl gətirmək, prosesi uzatmaq üçün baş verdiyi aydın görünürdü. Təəsüf ki, Ermənistan regionda gərginliyin qalmasına maraqlıdır. Bu ab-havanı saxlamaqla, bu ölkə beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Ermənistanın bu təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa can atır.
   Qeyd edək ki, sentyabrın 27-də Anım günündə Füzuliyə səfərlərində qalib Ali Baş Komandan bir daha Ermənistanın əsl məqsədinin nəyə xidmət etdiyini dünyaya çatdırdı və həmişə olduğu kimi, yenə də məğlub ölkəyə çıxış yolu göstərdi. Prezident dedi ki, törətdiyi təxribatlar, səsləndirdiyi iddialar Ermənistanın sülh istəmədiyini, yenə də revanşist fikirlərlə yaşadığını göstərir. İlham Əliyev bunu faktlar əsasında bir daha göstərərək bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Sözdə onları qəbul ediblər, amma əməldə iş görmürlər. Yenə də vaxt uzatmaq taktikası seçiblər. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Azərbaycan isə dəmir yolunu, avtomobil yolunu Zəngilana qədər çəkib. Gələn ilin sonuna qədər hər iki layihə Ermənistan sərhədinə çatacaq. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər.
Prezident onuda qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı müharibəsi davam edir. Amma bunun da həddi var. Dəfələrlə bu ölkəyə xəbərdarlıq edilib ki, bunun nəticəsi ancaq onlar üçün ağır ola bilər, 44 günlük müharibədəki aqibətlərini unutmasınlar.  Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. İndi hansı qərarın veriləcəyi rəsmi İrəvandan asılıdır. Ya sülh sazişini imzalayaraq dövləti və illərdir sosial-iqtisadi böhran şəraitində çabalayan erməni xalqını bataqlıqdan qurtaracaq, ya da bundan imtina edərək ölkəni daha acınacaqlı duruma, məhvə sürükləyəcək. Çünki Ermənistana yaxşı bəllidir ki, İlham Əliyev sözünə, vədinə sadiq lider kimi, verdiyi qərarlarda hər zaman qətiyyət nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, əgər təklif edilən 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasını qəbul etməsə, onda Azərbaycan Ermənistanın müstəqilliyini tanımadığını rəsmən elan edəcək. 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir.

İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini
Geri dön