Ana Sayfa > Seçki 2024 > Azərbaycan xalqının öz Prezidentinə etibarı və ehtiramı sonsuzdur, sarsılmazdır

Azərbaycan xalqının öz Prezidentinə etibarı və ehtiramı sonsuzdur, sarsılmazdır


26-09-2022, 11:50. Yazar: sevinc1
Azərbaycan xalqının öz Prezidentinə etibarı və ehtiramı sonsuzdur, sarsılmazdır

27 sentyabr Azərbaycan xalqının qan yaddaşına şərəfli tariximizin ən önəmli və əlamətdar günlərindən biri kimi əbədi həkk olunub. 2022-ci ilin məhz bu günü şanlı Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad etmək və bütün Cənubi Qafqazı təhdid edən erməni faşiminin belini birdəfəlik əzmək üçün öz Zəfər yoluna qədəm qoydu. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məhz bu günün respublikamızda Anım Günü kimi qeyd olunması da Vətən müharibəsində şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhlarına, şəhidlərin doğmalarına göstərilən ən yüksək ehtiramın daha bir təzahürüdür.

Heç bir şübhə yoxdur ki, bir çox dünya gücləri bu münaqişənin ədalətli həllundə maraqlı deyildilər. İşğalının 30 ilə yaxın müddət ərzində davam etməsində də Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olub. Həmin dövrdə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi bu gün daha qabarıq formada özünü göstərir. Bütün bu illər ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi.

Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində isə erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Əlbəttə ki, xalqımız bütün bu faciələri heç zaman unutmayacaq. Həmçinin müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəkməyə can atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəniyyət paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, əlbəttə ki, Azərbaycan xalqına qarşı təhqir idi. Eyni zamanda da Ermənistan rəhbərliyi artıq Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdı. Həmçinin bütün sərhəd boyunca ermənilər mütəmadi olaraq atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Nəhayət 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Tarix göstərir ki, bu münaqişənin artıq heç bir alternativ həlli yolu qalmamışdı. Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla geri ala bilərdi və bunu da etdi.

Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.

Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 18 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 18 il ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Lakin Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artırmalıdır və dövlətimiz bunun üçün bütün lazımi tədbirləri görür. Çünki məhz Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış möhtərəm Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur, sarsılmazdır!

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının məsul əməkdaşı


Geri dön