Ana Sayfa > Seçki 2024 > Səməd Allahverdiyev: “Ölkə Prezidentinin siyasi xətti Azərbaycanı Qələbəyə aparan milli birliyimizin formalaşmasını təmin etdi”

Səməd Allahverdiyev: “Ölkə Prezidentinin siyasi xətti Azərbaycanı Qələbəyə aparan milli birliyimizin formalaşmasını təmin etdi”


25-09-2022, 11:11. Yazar: sevinc1
Səməd Allahverdiyev: “Ölkə Prezidentinin siyasi xətti Azərbaycanı Qələbəyə aparan milli birliyimizin formalaşmasını təmin etdi”

“Bir həqiqətdir ki, II Qarabağ müharibəsinin başlanması artıq çoxdan tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Bununla belə Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Bu da məlumdur ki, sülh danışıqları əslində məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdn yararlana bilmədilər. Azərbaycan isə əlbəttə ki, daha 30 il gözləyə bilməzdi. Həm də bu gözləntilərin nəticə etibarı ilə bizə heç bir xeyri olmayacağı da artıq məlum idi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Dəniz Nəqliyyati Işçiləri Həmkarlar Ittifaqi Respublika Komitəsi sədri Səməd Allahverdiyev deyib.

Müsahibimiz vurğulayıb ki, işğal dövrü ərzində vasitəçilik missiyasını həyata keçirilən beynəlxalq təşkilatların əsil məqsədləri münaqişəni qeyri-müəyyən müddətə dondurmaq və Azərbaycanı ərazilərinin itkisi faktı ilə barışdırmaq olub: “Bütün bu illər ərzində sülh yolu ilə münaqişənin həlli imkanları qəsdən, süni şəkildə tükədilirdi. Həm də bu proses mərhələli şəkildə həyata keçirilirdi ki, işğalın baş verməsindən mümkün qədər çox müddət keçsin. Ermənistana havadarlıq edən dünya gücləri ümid edirdilər ki, Azərbaycan gec-tez işğal faktı ilə, ərazilərinin itirilməsilə barışacaq və bunun üçün çalışırdılar. Gedən danışıqlar da, təklif olunan variantlar da birmənalı olaraq vaxtı mümkün qədər uzatmaq məqsədi güdürdü. Təbii ki, belə münasibət işğal altında olan Qarabağda yaradılmış separatçı rejimin azğınlaşmasına yol açırdı. Bu rejimin cinayətkat başçıları artıq açıq-aşkar bəyan edirdilər ki, onlar üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar qətiyyən qəbuledilməzdir. İkinci bir tərəfdən də Ermənistan özü artıq 2019-cu ildən vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni edirdi. Məsələn, həmin ilin avqust ayında Qarabağın işğal olunmuş ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır və nöqtə” tipli populist bir cümlə söyləmişdi. Əlbəttə ki, bütün bunlar sülh danışıqları üçün siyasi müstəvini demək olar ki, tamamilə bağlamışdı. 2020-ci ilin iyul ayının 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməklə bizə irimiqyaslı hərbi əməliyyatlra başlamaq üçün tam əsas vermişdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak olmuş, bir neçəsi yaralanmış, həmçinin dinc sakinlər həyatlarını itirmiş, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirilmişdi. Əlbəttə, o zaman da biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Vətən müharibəsi də bunu göstərdi. Lakin dövlət başçısı yenə də siyasi iradə nümayiş etdirərək buna imkan vermədi. Çünki bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Nəhayət 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni qoşunlarını darmadağın etdi. Düşmən rüsvayçı şəkildə torpaqlarımızdan qovuldu, tarixi ədalət bərpa olundu.”

Daha sonra Səməd Allahverdiyev Azərbaycan Ordusunun XXI əsrin yeniliyi olan müasir döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Əbəs yerə deyil ki, bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.”

Həmçinin müsahibimiz Vətən müharibəsində Azərbaycana tarixi Qələbəni qazandıran ən mühüm amillərdən birinin Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühitinin olduğunu qeyd edərək bunları deyib: “Unutmaq lazım deyil ki, Vətən müharibəsinin gedişində məhz xalqın birliyi və ədalətli mövqeyi dövlət başçısının ətrafında “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuş və tarixi ədaləti bərpa etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizləmiş, erməni faşizmini məhv etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasətin nəticəsi olaraq Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühitinin tez bir zamanda ölkədaxili siyasi müstəviyə də sirayət etməsi dövlətimizin gücünü daha da artırmışdır. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Məsələ bundadır ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu.”

Müsahibimiz həmçinin Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından da bəhs edərək bildirmişdir ki, bu gün ölkəmizdə həm dövlət, həm də cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən vətəndaşların müharibədən sonrakı mövcud durumu, sosial-psixoloji vəziyyəti son dərəcə önəmli bir faktor olaraq xüsusi diqqət mərkəzində saxlanılır: “Bu istiqamətdə ortaya çıxan bütün problemlərin öhdəsindən operativ şəkildə və yüksək effektivliklə gəlinməsi onu göstərir ki, Azərbaycan həqiqətən də bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 27 sentyabr tarixinin – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən sonsuz ehtiramın ən böyük göstəricisidir”, - deyə Səməd Allahverdiyev fikirlərini tamamlayıb.
Geri dön