Ana Sayfa > Gündəm > Rəşad Cəbrayılov: “Ali Baş Komandan böyük Zəfərimizi xalqın tarixinə qızıl hərflərlə yazdı”
Rəşad Cəbrayılov: “Ali Baş Komandan böyük Zəfərimizi xalqın tarixinə qızıl hərflərlə yazdı”26-09-2022, 09:45. Yazar: sevinc1 |
“Azərbaycan artıq uzun illərdir ki, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən və bütün sahələri əhatə edən əsaslı islahatlar sayəsində Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu durmadan artır, insanlarımızın rifah səviyyəsi getdikcə yüksəlir. Hətta torpaqlarımızın işğal altında olduğu illərdə də bütün bu göstəricilər üzrə sürətli artım tendensiyası müşahidə olunmaqda idi. Bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü də tam bərpa etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb.” Bu sözləri saytımıza verdiyi açıqlamada Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov deyib. Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olmaqla xalqımız üçün ən önəmli qürur mənbəyidir: “Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bu günkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.” Həmçinin Rəşad Cəbrayılov Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.” Daha sonra müsahibimiz belə bir məqamı da vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 18 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 18 il ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.” Sonda müsahibimiz Azərbaycan xalqının və Azərbaycan dövlətinin öz qəhrəman övladlarının əziz xatirəsini daim yaşadacağını vurğulayaraq bunları deyib: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Xalqımız və dövlətimiz öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutacaq”, - deyə Rəşad Cəbrayılov fikirlərini tamamlayıb. Geri dön |