Ana Sayfa > Gündəm > Ali Baş Komandanın Sərəncamı şəhid ruhlarına göstərilən ali ehtiramın ən bariz təzahürüdür
Ali Baş Komandanın Sərəncamı şəhid ruhlarına göstərilən ali ehtiramın ən bariz təzahürüdür23-09-2022, 21:21. Yazar: admen |
2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Tarixin həmin dönəmində çar Rusiyasının Cənubi Qafqazda forpost ölkə yaratmaq siyasətinə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. XX əsrin əvvəllərində Rusiyanı bürümüş inqilablar təlatümündən də öz məqsədləri üçün yararlana bildilər. Yaranmış şəraitdən sui-istifadə edən erməni qəsbkarları Azərbaycana qarşı əsl qətliamlar törətmiş, 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.” Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də kütləvi şəkildə həyata keçirilmişdir: “1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Azərbaycan son 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səylərilə beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarı ilə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxılmadı. Bu hal deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasın bütün bu illər ərzində təmin olunmaması da bunu sübut edir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Vətən müharibəsinə qədər davam edən dövr ərzində Azərbaycan Prezidenti daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 2003-cü ildən Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Sonda Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın ən bariz təzahürüdür. Niyazi Yusifli, Saatlı rayon Notariat ofisinin Notariusu Geri dön |