Ana Sayfa > Media > BAKIDA EVİ SOYULAN SABİQ NAZİR MÜAVİNİDİR - Generalın pul və qızıl dolu 70 kq -lıq seyfi aparılıb

BAKIDA EVİ SOYULAN SABİQ NAZİR MÜAVİNİDİR - Generalın pul və qızıl dolu 70 kq -lıq seyfi aparılıb


23-09-2022, 14:45. Yazar: sevinc1
BAKIDA EVİ SOYULAN SABİQ NAZİR MÜAVİNİDİR - Generalın pul və qızıl dolu 70 kq -lıq seyfi aparılıb

Ötən il dekabrın 31-də Bakı şəhəri, Binəqədi rayonunda mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U.Məmmədova isə 7 il həbs cəzası verilib.

İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis generalı Əsgər Ələkbərovdur. O, 31 dekabr – 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, “Nikolayın onluq qızılları”, “Atatürkün onluq qızıl pulu” və digər xüsusilə dəyərli əşyalar olub.

Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, generalın evini oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıb. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.


Geri dön