Ana Sayfa > İqtisadiyyat > Rumıniyada Azərbaycanın təbii qaz və “yaşıl enerji” ilə tədarük mənbələrini şaxələndirməsindən danışılıb

Rumıniyada Azərbaycanın təbii qaz və “yaşıl enerji” ilə tədarük mənbələrini şaxələndirməsindən danışılıb


22-09-2022, 16:36. Yazar: sevinc1
Rumıniyada Azərbaycanın təbii qaz və “yaşıl enerji” ilə tədarük mənbələrini şaxələndirməsindən danışılıb


Energetika naziri Pərviz Şahbazov “Gələcəyə körpü” devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfrasında iştirak edib. Pərviz Şahbazov Rumıniyanın Baş naziri Nikolay Siukanın iştirakı ilə keçirilən nazirlər iclasında, həmçinin “Vizyondan reallığa” adlı nazirlər panelində çıxış edib. Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib: “İki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40% artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki bugünkü rolu Azərbaycan Prezidenti cənab İlham Əliyevin vizyonunun real ifadəsidir.”
Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir. “Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda - 2027-ci ildə daxil olacaq.”

Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.

aia.az
Geri dön