Ana Sayfa > Cəmiyyət > FIkrət Əmirovun 100-lik yubileyi

FIkrət Əmirovun 100-lik yubileyi


22-09-2022, 10:46. Yazar: sevinc1
FIkrət Əmirovun 100-lik yubileyi

AİA.Az xəbər verir ki, XXIII Türksoy Beynəlxalq “Opera Günləri” çərçivəsində Bursa (2022-ci il Türk mədəniyyəti paytaxtı) Atatürk Merinos Konqress Mərkəzi və İzmir Dövlət Opera teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100-lik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilmişdir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Dövlət Opera Teatrları Birliyi, Şimali Kipr Mədəniyyət, Turizm, Gənclər və Ətraf mühit Nazilliyi, Bursa və İzmir şəhərlərinin meriyalarının təşkilatı dəstəyi ilə baş tutan konsertlərdə Bursa Dövlət Simfonik Orkestri və İzmir Dövlət Opera Teatrının simfonik orkestrləri iştirak etmişlər. Orkestrlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərlik edirdi. Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlayan bütün konsertlər dinləyicilərin böyük marağına səbəb olmuşdur. Konsertlərdə türk dilli dövlətlərin tanınmış opera müğənniləri - Uralxan Seilbekova və Şınqıs Rasılxan (Qazaxstan/Astana Opera), Elgiz Beyşenbayev və Ataxan Aybek Ulu (Qırğızıstan/ Bişkek Opera), Burcu Sayın (Türkiyə/İzmir Opera Teatrı), Malika Normatova (Özbəkistan/Daşkənd Opera Teatrı), Eleonora Jorjoska (Şimali Makedoniya) və Həvva Özdəmiraq (Şimali Kipr) böyük uğurla təmsil etmişlər. Ölkəmizi festivalda təqdim edən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti soprano Fatimə Cəfərzadənin ifasında Fikrət Əmirov və Cüzeppe Verdinin ariyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Digər opera sənətkarlarının ifasında səslənən türk dünyasının görkəmli bəstəkarları – A.Madıbayev, A.Jubanov, L.Hamidi, M.Aşrafi, L.Pipkov, A.Atabayev, K.Azizin əsərləri gecənin unudulmaz anlarından birinə çevrildi. Konsertin ikinci bölümündə isə artıq qərb dünyasının məşhur klassik opera nümunələri – C.Verdi, C.Puççini, F.Çilea, C.Rossini, P.Maskanyi və Ş.Qunonun əsərləri yerli dinəyicilərə təqdim edilmişdir. Bədii hissədən öncə çıxış edən Türksoyun baş direktorunun müavini Bilal Çakıjı, Bursa şəhərinin merinin müavini Süleyman Çelik, Bursa Mədəniyyət İdarəsinin rəhbəri Fətullah Bingöl və digər rəsmi şəxslər Opera Günlərinin türk dövlətləri arasında mədəni əlaqələrin inkişafındakı rolu və Türksoyun daimi şurasının qərarı ilə 2022-ci ildə keçirilən “Fikrət Əmirov ili” ilə bağlı layihələr barəsində geniş məlumat vermişlər.
Həmin tədbirlər çərçivəsində konsertlərlə bərabər dahi bəstəkarın həyatının müxtəlif dövrlərinin əhatə edən foto sərgi də təşkil edlmişdir. Konsertlərin sonunda azərbaycanlı dirijor və türk dilli dövlətlərin solistlərinə Türksoyun “Fikrət Əmirov-100” xatirə diplom və mükafatları təqdim edilmişdir. İzmirdən sonra festivalın növbəti konsertləri Şimali Kiprdə keçiriləcək.
Geri dön