Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “ Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə artır”

Kamaləddin Qafarov: “ Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə artır”


20-09-2022, 11:44. Yazar: sevinc1
Kamaləddin Qafarov: “ Azərbaycanın  Avrasiya məkanında nüfuzu getdikcə artır”

“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin başçıları Şurasının 2015-ci ildə keçirilmiş iclasında Azərbaycan Respublikasına Təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında imzalanmış memorandumda əməkdaşlıq sahələri əks olunub. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Bu ilin sentyabr ayının 16-da ŞƏT-in Səmərqənddə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti təkilata üzv ölkələrin dövlət başçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu və son hadisələrə bağlı dolğun açıqlamalar təqdim edib. Prezident İlham Əliyevin Səmərqənd Sammitində iştirakı ölkəmizin dünyada, o cümlədən Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Xəzər dənizi üzərindən yükdaşıma qabiliyyətini artırması Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımaların həcmini də genişləndirəcək ki, bu da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin birbaşa maraqlarına cavab verən məqamdır: “Səmərqənd Sammitində çıxış edən Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. O cümlədən Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səy göstərir. Bu marşrut həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat potensialından daha səmərəli istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Əlbəttə ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları da dəfələrlə artacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat arteriyalarının önəmli bir hissəsidir və o, artıq reallığa çevrilir”.

Deputat daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi yönümündə ciddi səylər göstərdiyini bir daha nümayiş etdirdi: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məqsədlə ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib və indi hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. Sentyabrın 13-dən başlayaraq Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatları iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

AİA.Az
Geri dön