Ana Sayfa > Seçki 2024 > Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın güclü qlobal mövqeyini ortaya qoyub

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın güclü qlobal mövqeyini ortaya qoyub


17-09-2022, 17:19. Yazar: sevinc1
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın güclü qlobal mövqeyini ortaya qoyub

Bu il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz bədnam, revanşist niyyətlərindən əl çəkmir. Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində xalqımız yenə şəhidlər verdi. Yaralılarımız da var. Şəhidlərin hər birinin ailəsinə dərin hüznlə başsağlığı verir, qazilərimizə Uca Allahdan şəfa diləyirəm. Təsəllimiz odur ki, qəhrəman Azərbaycan Ordusu düşmənin bu təxribatına layiqli cavab verib. Ermənilər ağır itkilər verərək geri çəkilməyə məcbur ediliblər. Bu hadisələrdən sonraya təsadüf edən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində Prezident İlham Əliyevin keçirdiyi görüşlər isə Azərbaycana göstərilən qlobal ehtiramın və dəstəyin növbəti nümunəsi oldu.
Azərbaycan 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Buna baxmayaraq, 2016-cı ildə isə “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Eyni zamanda, ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir.
ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycana dost və qardaş, strateji tərəfdaş olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edirdi. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərin məzmununu, hər iki dövlətin prezidentləri arasındakı dostluq münasibətlərini ifadə etməklə yanaşı, Prezident İlham Əliyevin qlobal və regional nüfuzunun təcəssümüdür. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi hər bir görüş də Azərbaycanın regionda və dünyadakı mövqelərinin ifadəsi, rəsmi Bakının malik olduğu qlobal nüfuzun təsdiqi və ölkəmizə göstərilən beynəlxalq dəstək baxımından məhsuldar və effektiv oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Pakistanın Baş naziri ilə görüşü isə iki dövlət arasındakı sarsılmaz qardaşlığın növbəti təcəssümü oldu. Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verən Baş nazir Şahbaz Şərifin “Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik” sözləri həm də dünyaya verilən önəmli bir mesaj idi.  Görüşdə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə qardaş dövlətlə həmrəydir.  
Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Hər iki dövlət həmişə bir-birinin milli maraqlarına qarşılıqlı dəstək nümayiş etdiriblər. Belə ki, Azərbaycan Çinin “Vahid Çin” siyasətini hər zaman dəstəkləyib. Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığına daim dəstək nümayiş etdirib.  Çin tərəfindən irəli sürülmüş “Bir kəmər – bir yol” təşəbbüsü isə ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir. Pandemiya ilə mübarizə zamanı isə Çin Azərbaycanla əlaqələrə sadiq olaraq ölkəmizə vaksin idxal etmişdi. Həmçinin çinli mütəxəssislər ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərində fəal olmuşdular.  Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR Sədri Si Cinpin ilə görüşündə bu məsələlər bir daha diqqətə çatdırıldı. Si Cinpinin Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bəyan etməsi Pekinin Bakı ilə münasibətlərə verdiyi böyük önəmin təzahürü idi. Görüşün əsas məqamı isə təbii ki, Si Cinpinin Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini bəyan etməsi oldu. Bu, hazırkı beynəlxalq münasibətlər sisteminin reallıqları fonunda Azərbaycana göstərilən qlobal dəstəyin ən böyük nümunələrindən biri olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin xarici siyasət kursunun və müdrik diplomatiyasının uğurlu nəticəsidir.
Bütövlükdə Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində çıxışı və tədbir çərçivəsində keçirdiyi bütün görüşlər Azərbaycanın strateji maraqlarının beynəlxalq aləm tərəfindən qəbul edilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bu görüşlərin hər biri Ermənistanın təxribatlarını darmadağın edən mühüm siyasi hadisələrdir. Beləliklə, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın güclü qlobal mövqeyini ortaya qoyub.

Emil Məmmədov,
YAP Göygöl rayon təşkilatının məsləhətçi
Geri dön