Ana Sayfa > Gündəm > Ermənistan terrorçu ölkə kimi tanınmalıdır
Ermənistan terrorçu ölkə kimi tanınmalıdır17-09-2022, 12:53. Yazar: admen |
Ermənistan növbəti dəfə irticaçı qüvvələrin əlində bir alət olduğunu və eyni zamanda da özünün Azərbaycana qarşı hələ də revanşist niyyətlər bəslədiyini aşkar şəkildə nümayiş etdirdi. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar sadəcə ölkəmizə qarşı deyil, bütün Cənubi Qafqazda sülhə və sabitliyə təhdiddir. Bu gün artıq bütün dünya ictimaiyyəti rəsmi İrəvanın təcavüzkar siyasətinə qarşı qəti mövqe nümayiş etdirməli, Ermənistan hökumətindən beynəlxalq hüququn normalarına riayət etməsini tələb etməlidir. Əks halda Cənubi Qafqaz yeni münaqişələr üçün növbət dəfə hərb meydanına çevrilə bilər. Artıq beynəlxalq təşkilatların millətçiliyi, revanşizmi təbliğ edən, beynəlxalq terroru dəstəkləyən Ermənistanla yalnız ədalətli mövqelərdən çıxış edərək sülhə və tərəqqiyə yönəlmiş siyasət yürüdən Azərbaycan arasında seçim etməlidir. Aydındır ki, Ermənistanı dəstəkləyən ölkələr də Cənubi Qafqazın sabit və inkişaf edən regiona çevrilməsində maraqlı deyillər. Rəsmi İrəvanın 13 sentyabr tarixində törətdiyi hərbi təxribat bir daha Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini gündəmə gətirdi. Belə ki, xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Digər tərəfdən də işğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Ermənistanın və bu ölkəni yeni təxribatlar törətməyə təhrik edən qüvvələrin daha bir məkrli məqsədləri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun artmasının qarşısını almaq, bununla da ölkəmizin beynəlxalq mövqelərini zəiflətməkdir. Eyni zamanda da bu məqsədə nail olmaqla həmin qüvvələr bütün Cənubi Qafqazın inkişafını əngəlləməyə çalışırlar. Baş verən hadisələrdə diqqəti cəlb edən bir məqam da Ermənistanın KTMT üzrə müttəfiqlərinin məsələyə münasibəti oldu. Bu ölkələr rəsmi İrəvanın kömək üçün etdiyi müraciətə cavab olaraq bildirdilər ki, yaşanan insidentdə hücuma məhz hansı tərəfin ilk olaraq başladığının aydın deyil. Bunun səbəbi isə Ermənistanın bu günədək sərhədlərin demarkasiya məsələsində hələ də təcavüzkar mövqe sərgiləməsi və qəsdən mübahisəli vəziyyət yaratmasıdır. Rəsmi İrəvan məhz belə təxribatlar planladığı üçün sərhədlərin demarkasiyasını əngəlləyir. Çünki sərhədlər dəqiq müəyyənləşdirilmədikcə, kimin kimə hücum etdiyini aydınlaşdırmaq da çətin olur. Əlbəttə ki, Ermənistanın və bütün antiazərbaycan qüvvələrin bu kimi təxribatlarının qarşısı yalnız güc amili ilə alına bilər. Cari ilin 27 iyun tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, dövlət başçımızın hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Azərbaycan hər zaman güclü olmalıdır ki, həm özünün təhlükəsizliyini, həm də regional sabitliyi qoruya bilsin. Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın mübarizəsi həm də siyasi-diplomatik müstəvidə davam edir. Məhz bu baxımdan ölkədə fəaliyyət göstərən siyasi partiyaların üzərinə də xüsusilə böyük məsuliyyət düşür. Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birimiz dövlət başçımızın ətrafında daha sıx birləşərək bu sınaqdan da qalib çıxmaq üçün Ali Baş Komandanın bütün çağırışlarına hazır olduğumuzu nümayiş etdirməliyik. Təəssüflər olsun ki, hətta belə mürəkkəb bir şəraitdə belə bəzi radikal müxalifət qüvvələri yenə öz ambisiyalarını təmin etmək üçün qeyri-struktiv mövqelərdən çıxış edir, hətta bəzi iddiaları ilə düşmən qüvvələrin maraqlarına xidmət edirlər. Azərbaycan Ordusu iki il bundan əvvəl Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bu gün həmin ərazilərdə irimiqyaslı yenidənqurma işləri aparılır və artıq keçmiş köçkün vətəndaşlarımızın həmin ərazilərə qayıdışına start verilib. Belə olan halda Ermənistanla sərhəd rayonlarda yaşayacaq insanlarımızın təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır. Məhz bu məsələ Azərbaycan dövlətini, Ölkə Prezidenti cənab İlham Əliyevi ilk növbədə düşündürən prioritet məsələdir. Buna görə də biz Ermənistanla sərhəddə möhkəmlənməliyik, özümüzə aid olan əraziləri işğaldan xilas edib orada istehkamlar qurmalıyıq. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur və Azərbaycan ordusunun apardığı əməliyyatların məqsədi yalnız düşmən təxribatlarının qarşısını almaq və insanlarımızın təhlükəsizliyini təmin etməkdir. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |