Ana Sayfa > Media > Uğurlu müstəqil siyasət.

Uğurlu müstəqil siyasət.


9-09-2022, 10:11. Yazar: sevinc1
Uğurlu müstəqil siyasət.

Müasir dünyada hər bir müstəqil dövlət öz maraqlarına xidmət göstərən müstəqil siyasət yürüdür. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən, bütün çətinliklərə, xarici təzyiq və irticalara rəğmən öz milli maraqlarına uyğun siyasət xətti tutmuşdur və bu gün o, dünya siyasət aləmində öz sözünü deyə bilən və öz müstəqil iqtisadi və siyasi inkişaf xətti olan dövlət kimi qəbul edilməkdədir. Eyni zamanda, Azərbaycanın xarici siyasət xətti qonşu və dost ölkələrin də maraqlarını nəzərə almağa və birgə əməkdaşlığa, səmərəli və bərabərhüquqlu tərəfdaşlığa köklənmişdir. Beynəlxalq münasibətlər sistemində məhz belə siyasət xətti digər dövlətlərin də məqbul qəbul etdiyi siyasətdir.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Bütün əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.
Eyni zamanda Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Hazırda dünyada baş verən müxtəlif hadisələr səbəbindən dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyət üçün yol xəritəsidir.
Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Ölkəmiz hər zaman müxtəlif ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman öz siyasətini nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Dövlətimizin hər zaman öz müstəqil siyasəti olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, ölkəmiz müstəqildir və Azərbaycan vətəndaşları əbədi olaraq müstəqil yaşamaq istəyirlər. Azərbaycan bu gün artıq sabit siyasi mövqeyə və iqtisadiyyata malikdir. Müstəqil və güclü olmaq üçün zamanında əsaslı maliyyə yatırımları edilib. Ölkəmizin inkişafında bu amillər çox ciddi rol oynayır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədlərdəndir. Buna görə də yeni qlobal nizamın regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin nələr əldə edəcəyi, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı ölkəmiz üçün çox önəmlidir. Onu da qeyd etmək lazımdır ki, müasir dünyada beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları Azərbaycanla bağlı da pozulub. Azərbaycan torpaqları işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdi və onlardan ciddi dəstək gözləyirdi. Ancaq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan özü bu qətnamələrin icrasını həyata keçirdi. Bu gün ölkəmiz gələcəyə böyük nikbinliklə baxır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir və onun daxili və xarici siyasətini müstəqil həyata keçirən ölkə rəhəbri İlham Əliyev kimi dünyaca nüfuzlu siyasi xadimi, prezidenti var.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri


Geri dön