Ana Sayfa > Seçki 2024 > Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ölkəmizi enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyən vacib amillərdən biridir

Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ölkəmizi enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyən vacib amillərdən biridir


6-09-2022, 10:31. Yazar: sevinc1
Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ölkəmizi enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyən vacib amillərdən biridir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət və inamla həyata keçirdiyi enerji strategiyası ölkəmizin qarşısında çox böyük perspektivlər açır. İyul ayının 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin rəhbərliyi ilə Avropa İttifaqının nümayəndə heyətinin respublikamıza səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycanın beynəlxalq əlaqələrini qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etdirmək istiqamətində atılmış növbəti əhəmiyyətli addımlardan biri idi. Məlum olduğu kimi, enerji sahəsində Azərbaycanla ən sıx əməkdaşlıq edən Avropa ölkələrində biri məhz İtaliya Respublikasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri ölkəmizin həyatında çox mühüm bir iqtisadi-siyasi hadisədir. Məlumdur ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bir ölkədir və Azərbaycanın bu ölkə ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin xüsusi əhəmiyyəti qeyd olunmalıdır. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynamaqla siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri özündə ehtiva edir. Azərbaycan Prezidentinin İtaliyaya son səfəri çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması isə ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.

Möhtərəm dövlət başçımızın İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 2-də “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumuna əsas qonaq qismində dəvət olunması isə Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarının daha bir təsdiqidir. Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi isə Ukraynada müharibənin hələ nə qədər davam edəcəyindən, bu savaşın necə bitəcəyindən və bundan sonra dünyada güc balansının hansı şəkildə olacağından çox asılı olacaq. Əlbəttə ki, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

Qeyd etmək lazımdır ki, məhz Azərbaycanın tam müstəqil xarici siyasət yürütməsi və zəngin enerji ehtiyatlarına sahib olması ölkəmizi hal-hazırda alternativ enerji axtarışında olan Avropa İttifaqı üçün arzuolunan tərəfdaş qismində diqqət mərkəzinə gətirir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Avropa ölkələri arasında enerji sahəsində mövcud olan əməkdaşlığın on beş ildən artıq tarixi var. Bu, ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş olmasını nümayiş etdirən bir göstəricidir. Azərbaycan hər zaman öz öhdəliklərini vaxtında və layiqincə yerinə yetirən ölkə olub. Məhz buna görə hazırda dünyanın ən böyük və nüfuzlu şirkətləri ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Enerji sahəsində fəaliyyətinə ilk olaraq neft hasilatı ilə başlamış Azərbaycan az sonra qaz hasilatına başladı. Bunun ardınca Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilişini nəzərdə tutan nəhəng layihə həyata keçirildi. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və Azərbaycanın təbii qazı Avropaya çatdırıldı. Azərbaycan son bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri məhz İtaliyanın payına düşür. Lakin Azərbaycan qazına olan tələbat durmadan artır. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Həmçinin öz çıxışında Azərbaycan Prezidenti İonik-Adriatik boru kəməri layihəsini də xatırladaraq bildirdi ki, bu layihə Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq.

Dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Lakin Azərbaycanın enerji ixracı imkanları bununla tükənmir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji mənbələrini də nəzərdə tutan danışıqlar gedir. Məlumdur ki, ölkəmizin bərpaolunan enerjinin istehsalı sahəsində malik olduğu böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Ölkəmizdə artıq külək və günəş enerjisinin istehsalı kimi sahələrə sərmayə qoyuluşu prosesinə başlanıb və ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində bu enerji növlərinin potensialı 9200 meqavat həcmində, Xəzər dənizində isə külək enerjisinin potensialı 157 qeqavata bərabər dəyərləndirilib. Bütün bunlar, eləcə də istismarına hələ növbəti illərdə başlanması nəzərdə tutulan təbii qaz yataqları Azərbaycanı nəhəng enerji resurslarına sahib olan ölkəyə çevirir. Bu isə, öz növbəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsinin həllində oynadığı rolun önəminin getdikcə artmasını şərtləndirir.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi


Geri dön