Ana Sayfa > Ölkə > 1991-ci ilin sentyabrında Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətinin gələcəyi üçün mühüm hadisə idi
1991-ci ilin sentyabrında Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətinin gələcəyi üçün mühüm hadisə idi3-09-2022, 10:04. Yazar: admen |
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəni məhv olmaqdan xilas edən, xalqımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik işlər görülüb. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikamızda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, ovaxtkı hakimiyyətin muxtar qurum üzərində çoxsaylı siyasi oyunlar qurmasının nəticəsi kimi sosial-iqtisadi durumunun bərbadlığı Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi durum yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda, bir daha həmin mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğunu görmək mümkündür. Belə ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. Naxçıvan Ali Məclisində ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Eyni zamanda, Naxçıvanda Kommunist partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. Belə ki, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu istiqamətdə fəaliyyət davam etdirildi. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Buna baxmayaraq, ümumən Azərbaycan Respublikasında vəziyyət olduqca dözülmzəd idi. Ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 91 nəfər ziyalı 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. İndiki dövrdə həmin yaxın tarixə nəzər salanda bir daha əmin oluruq ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən qaynaqlanırdı. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ulu Öndərin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Beləliklə, 1991-ci ilin sentyabrında Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətinin gələcəyi üçün mühüm hadisə idi. Böyük tarixi şəxsiyyət Azərbaycanın dövlətçilik memarı oldu, ölkəni parçalanmaqdan xilas etdi, Azərbaycan Ulu Öndərin böyük, dönməz xarici siyasəti nəticəsində dünya dövlətləri tərəfindən etimadla qarşılandı. 10 il ərzində ölkənin hərtərəfli inkişafı, dövlətçiliyin möhkəmlənməsi üçün çalışan Ulu Öndərin siyasi kursunu 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək sədaqətlə həyata keçirməyə başladı. Ulu Öndərin siyasi kursunu, o cümlədən ölkənin ərazi bütövlüyü istiqamətində atılan addımları davam etdirən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə başlanan 44 günlük Vətən müharibəsinə qoşulan Azərbaycan xalqı Böyük Qələbənin əldə edilməsinə nail oldu və 30 il işğal altında qalan doğma Qarabağımız azadlığına qovuşdu. Biz Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin, həm də qalib dövlətin vətəndaşlarıyıq. Bu qalibiyyətin memarı Prezident İlham Əliyevdirsə, qalibiyyətin əsasında isə Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurucusu kimi anılmağa və xalqımızın qəlbində yaşamağa davam edəcəkdir. Zamir Hüseynov, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Geri dön |