Ana Sayfa > Media > Tarixi qərar

Tarixi qərar


1-09-2022, 13:33. Yazar: sevinc1
Tarixi qərar

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin tarixi qayıdışının Azərbaycan gerçəkliyinə gətirdiyi ən dəyərli və gərəkli ideya olduğunu vurğulamaq əslində bir daha onun böyüklüyünü etiraf etməkdir. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdar olmalıdır.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur.

Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoyub.“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atıb. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış boşluqdan istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılıb, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılıb, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulub.Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı. Hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Sevindirici haldır ki, bu gün Ulu Öndərimizin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatında məsləhətçi

Geri dön