Ana Sayfa > Seçki 2024 > Laçın əzəli Azərbaycan torpağıdır və bu gün biz bu torpaqlara əbədi qayıdırıq

Laçın əzəli Azərbaycan torpağıdır və bu gün biz bu torpaqlara əbədi qayıdırıq


27-08-2022, 10:32. Yazar: admen
Laçın əzəli Azərbaycan torpağıdır və bu gün biz bu torpaqlara əbədi qayıdırıq

2020-ci il avqustun 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş qondarma “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı.

Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Məhz güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm də özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Digər tərəfdən də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi by Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.

Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması yönümündə bütün imkanlar tükəndikdən sonra bu addımı atmaq məcburiyyətində qalıb. 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Bu səbəbdən də II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Və budur, nəticə göz qabağındadır. Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.

Bu gün Azərbaycan xalqının tarixində daha bir möhtəşəm, əlamətdar hadisə yaşanmaqdadır. 2022-ci il avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıdırlar. Məlum olduğu kimi, 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilməsindən cəmi on gün sonra Laçın da işğal olundu. On minlərlə günahsız insan öz dədə-baba torpağından qovuldular. Laçın dəhlizinin erməni hərbçilərinin əlinə keçməsi, rayonun işğalı Ermənistanın Birinci Qarabağ müharibəsinin gedişində öz çirkin məqsədlərinin qısa zamanda reallaşdırmasına geniş imkanlar yaratmış oldu. Laçının ardınca Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və sonda Zəngilan Ermənistan ordusunun nəzarəti altına keçdi. Qarabağın və ümumilikdə Azərbaycanın dilbər guşələrindən olan, Ermənistanla sərhədimizin əsas qapısı sayılan Laçın 28 il işğalçıların tapdağı altında qaldı.

Lakin bu gün artıq Laçın azaddır. 2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə etdiyi Azərbaycan Ordusu işğalçı erməni ordusunu darmadağın edərək Qarabağı və digər rayonlarımızı düşmən əsarətindən qurtardı. 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətlə üzləşən Ermənistan kapitulyasiya aktına imza ataraq Ağdam, Kəlbəcər və Laçını döyüşsüz Azərbaycana qaytarmağa məcbur qaldı. Nəticədə təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqının Laçın niskili, yurd həsrətinə son qoyuldu.

Müzəffər Ali Baş Komandan Laçına qayıdıımızş münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində yazır: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bəli, yaşasın Azərbaycan və yaşasın bu tarixi Qələbə sevincini və qürurunu bizə yaşadan cənab Ali Baş Komandan!

Nicat Həsənov,
Şərqi Zəngəzur Regional Təhsil İdarəsininin
Laçın rayonu üzrə sektorunun müdiri


Geri dön