Ana Sayfa > Media > Babək Vələdov: Ermənilərə verilən növbəti dərs

Babək Vələdov: Ermənilərə verilən növbəti dərs


16-08-2022, 11:02. Yazar: sevinc1
Babək Vələdov: Ermənilərə verilən növbəti dərs

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi kursunu uğurla, qətiyyətlə, davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev özünün bilik və bacarığını, potensialını var gücü ilə ölkəmizin müasirləşməsinə, zənginləşməsinə və qüdrətlənməsinə həsr edir. Xalqımızı ümummilli amallar və azərbaycançılıq ideyası ətrafında birləşdirərək bütün sahələrdə Azərbaycanın hərtərəfli və davamlı inkişafına nail olur. Prezidentimizin milli maraqlara xidmət edən uğurlu siyasəti nəticəsində qloballaşan dünyada ölkəmiz böyük nüfuz qazanıb. Ordu quruculuğu sahəsində nailiyyətlərimizin məntiqi nəticəsi olaraq Vətən müharibəsində şanlı qələbəmiz təmin edilib. İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində qazanılan möhtəşəm qələbədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu qısa zaman ərzində ölkəmizdə böyük müsbət dəyişikliklər baş verib, inanılmaz uğurlar qazanılıb. Müasir Azərbaycan bu gün dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkəyə çevrilərək dünyanı narahat edən qlobal problemlərin həllində fəallıq göstərir və söz sahibidir. Artıq güclü dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşırlar.

Danılmaz həqiqətdir ki, xalqımızın və dövlətimizin tarixi nailiyyətlər qazanması Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətlərinin məntiqi nəticəsidir.

Avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Həmişə olduğu kimi, bu dəfə də Prezidentimiz sualları dərin məntiqlə, geniş və əhatəli cavablandırmışdır. Bir sıra vacib məsələlərdən, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatı sahəsində görülən işlərdən danışaraq bildirmişdir ki, həmin ərazilərdə kənd təsərrüfatı, maldarlıq, bitkiçilik üçün çox münbit iqlim və təbii şərait vardır. Ərzaq təhlükəsizliyi ilə əlaqədər olaraq biz maksimum dərəcədə həmin torpaqlardan səmərəli şəkildə istifadə etməli, vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bütün müasir aqrotexniki tədbirləri görməli, suvarma məslələrini düzgün təşkil etməliyik. Əgər biz bu torpaqlarda kənd təsərrüfatı işlərini planlı şəkildə, ixtisaslaşma əsasında aparsaq, oraya qayıdacaq insanlar əkin - biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait qazanacaqlar və eyni zamanda ölkəmizin ərzaqla təminatını və ixrac imkanlarını böyük dərəcədə artıracaqlar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri vardır. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürürlər. Ölkəmiz artıq, bal ixracatçısına çevrilmişdir. Prezidentimiz həmçinin, bildirmişdir ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən, üzümçülük meyvəçilik fındıqçılıq sahələri inkişaf etməlidir. Bununla bağlı dövlət tərəfindən fermerlərə və vətəndaşlara dəstək göstəriləcək, subsidiya veriləcək, yetişdirdikləri məhsulların bazara çıxarmalarına lazımi köməkliklər ediləcəkdir. Faktiki olaraq bütün işlərə sıfırdan başlanıldığını qeyd edən Prezidentimiz bildirmişdir ki, heç bir səhvə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır.

Mənfur Ermənistan tərəfindən növbəti silahlı təxribata əl atıldığını vurğulayan dövlət başçımız bildirdi ki, bu hərbi təxribat nəticəsində bir hərbiçimiz şəhid oldu. Ancaq, hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Şəhidimizin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Görünür Ermənistan ikinci Qarabağ müharibəsinin dərslərini yaxşı öyrənnməyibdir. Onlar sülh şəraitində yaşamaq istəyirlərsə hər cür təxribatdan əl çəkməli, 44 günlük müharibənin və “Qisas” əməliyyatının dərslərini yaxşı öyrənməlidirlər. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi dayandıra bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz yerindədir, amma, biz müharibə istəmirik. Məqsədimiz bölgədə davamlı sülhə nail olmaqdır. Ermənistan yaxşı bilir ki, biz nəyi nə zaman etmək lazımdır onu bilirik, nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Ermənilərə verilən növbəti dərs də onların yaddaşında qalacaqdır.

Gələcəyə nikbinliklə baxdığını qeyd edən Prezidentimiz qeyd etmişdir ki, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Geri dön