Ana Sayfa > Qərbi Azərbaycan > Mütəxəssis: Çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur
Mütəxəssis: Çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur10-08-2022, 13:50. Yazar: sevinc1 |
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova qan donorluğunun insan orqanizmi üçün faydaları, qanvermə prosesi, hansı xəstəliklərdən əziyyət çəkən şəxslər qan verə bilməz, daha çox ehtiyac olunan qan qrupu ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir. - Şəhla xanım, donorluğun insan orqanizmi üçün faydası nədən ibarətdir? - Qan vermək, yəni donor olmaq insana həm mənəvi, həm də fiziki rahatlıq verən prosesdir. Qan başqasına verilməsi mümkün olan ən qiymətli hədiyyə, həyat bəxşişidir. Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər. Aparılan araşdırmalara görə, mütəmadi donor olan şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan hüceyrəsi səviyyəsində yenilənməyə səbəb olur və qan yaranmanı stimullaşdırır. - Hansı yaş aralağında olan şəxslər qan verə bilər? - Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Lakin donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür. - Qan verməzdən əvvəl hansı qaydalara əməl etmək lazımdır? - Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir. - Qanvermə prosesi necə həyata keçirilir? - Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir. Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir. Qanın verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Daha sonra donorun bazusu rezin jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 350-400 ml təşkil edir. Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar. - Daha çox hansı qan qrupuna ehtiyac olur? - İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var. Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyinə görə də ehtiyac zamanı çətinlik yaranır. Bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur. Bu səbəbdən də donor qanına daima ehtiyac var və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. - Hansı xəstəliklərdən əziyyət çəkənlər qan verə bilməz? - Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş keçirən anaları, körpə uşaqları, xəsarət alanları və digər xəstələri ölümdən xilas edir. Donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar. Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər. Geri dön |