Ana Sayfa > İqtisadiyyat > Növbəti devalvasiya həyəcanı...
Növbəti devalvasiya həyəcanı...23-05-2016, 12:52. Yazar: admin |
"Deutsche Bank”: Dolların məzənnəsi sıçrayışın başlanğıc mərhələsindədir; yerli ekspertlər bunun milli valyuta olan manata təsirlərindən danışırlar, dəyər itirmədən qaçmaq mümkündürmü? Dolların məzənnəsi sıçrayışın başlanğıc mərhələsindədir. Bu barədə "Deutsche Bank”ın hesabatında bildirilir. George Saravelosun rəhbərlik etdiyi analitik qrup hesab edir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) son iclasından sonra iyunda uçot dərəcəsini qaldıracağına işarə etdikdən sonra ABŞ-ın milli valyutasının məzənnəsini xeyli möhkəmlənib. Bankın Nyu-York ofisinin analitiki Sebastien Galy isə deyir ki, dolların kəskin bahalaşması üçün ciddi potensial var. Yerli ekspertlər isə musavat.com-a dollarla bağlı məsələnin Azərbaycanın milli valyutasına təsirlərindən danışıblar. Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dollara olan tələbat istənilən halda artacaq: "Çünki Azərbaycanın üç aylıq xarici ticarət göstəricilərinə görə, ölkə 324 milyonluq qeyri-neft ixracatına malik olub. Yəni aya təxminən yüz milyon dollar Azərbaycanın qeyri-neft ixracatıdır. Azərbaycanın neft ixracatından da qazancı Dövlət Neft Fondunun gəlirlərində 4,5 milyard manat göstərilib, bu da 3 milyard dollar edir. Nəzərə alsaq ki, 3 milyard neftdən qazanc var, eyni zamanda, qeyri-neft sektorunun maksimum illik ixracatı 1,5 milyard edəcək. Bu ikisi bir yerdə 4,5 milyard dollar edir. Neft və qeyri-neft sektoru birlikdə dollarla qazancımız 4,5 milyard dollardır. Amma ölkənin idxalının həcmi əgər biz onun rəsmiyyətə düşən, eyni zamanda qeydiyyata alınmayan və yaxud gömrükdə aşağı qeyd olunan idxalı da qeyd etsək, təxminən 9-20 milyard edir. Bu, o deməkdir ki, bizim ən azı, 9-10 milyard pulumuz olmalıdır ki, ölkəyə idxal mallarını gətirək. Ölkənin qazancı ildə 4,5 milyarddır, iki dəfə azdır. İstənilən halda, bu, dollara tələbatı artıracaq. Çünki ölkəyə idxal malı gətirmək məcburiyyətindəyik. Yerli istehsal bu idxalı əvəz edə bilmir. Belə olan halda hələ kimsə gedir xaricə investisiya qoyur, bunu nəzərə almıram. Hələ bankların xarici borcu var, Dövlət Neft Şirkətinin borcu var, ”Azərenerji"nin, digər şirkətlərin dollarla borcu var. Bunları nəzərə alsaq, qazandığımız valyuta bizə lazım olandan üç dəfə az olacaq. O deməkdir ki, valyutaya olan tələbatımız ödənilməyəcək, ən yaxşı halda, üçdə biri ödəniləcək. Belə olan halda, dolların bahalaşmasının alternativi yoxdur. Dolların bahalaşmasının qarşısını ortamüddətli, uzunmüddətli dövrdə biz ala bilməyəcəyik. Ona görə də bahalaşmanın qarşısını qısamüddətli dövrdə almaq mümkündür. Məsələn, manat qıtlığı yaradılıb. Azərbaycan manatı dəyərsizləşməyə məhkumdur. Sadəcə zamana bağlı olan məsələdir. Ölkədə iqtisadi tənəzzül yaradılır, işgüzar aktivlik, alıcılıq qabiliyyəti aşağı salınır. Bu, çıxış yolu deyil. Çıxış yolu ölkənin milli valyutasının gerçək məzənnəsinin müəyyənləşdiriməsindədir. Gerçək məzənnəni də bazar müəyyənləşdirə bilər, bunu Mərkəzi Bank müəyyənləşdirməli deyil". Ekspert Fikrət Yusifov isə qeyd edib ki, dolların məzənnəsində müəyyən dəyişiklik olması mümkün ola bilər: "Çünki iyun ayının 15-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişdirməyi hədəfləyir. Əsas görüntülər ondan ibarətdir ki, Amerika iqtisadiyyatında lazım ola irəliləyiş, artım baş verərsə, işsizlik sahəsindəki problemlər gözlənilən həddə qədər həll oluna bilərsə, inflyasiya səviyyəsi nəzərdə tutulan hədlərə qədər yaxınlaşarsa, bu göstəricilər nəzərdə tutulan proqnozlar özlərini doğruldursa, iyunda ola bilsin ki, uçot dərəcəsi dəyişdirilsin. Bu baş verərsə, dünya maliyyə bazarlarında dolların kursunda müəyyən müsbət tendensiyaların baş verməsi mümkündür. o ki, qaldı, bunun Azərbaycan manatına təsiri, biz dünya maliyyə sisteminin tərkib hissəsiyik. Buna görə müəyyən qədər təsiri olacaq. Bütövlükdə keçən ilin əvvəlində və sonlarında manatla bağlı yaranmış vəziyyətin, baş vermiş hadisələrin təkrar olunması qeyri-realdır. Çünki bu gün faktiki olaraq bu məsələlərin hamısı idarə olunur və nəzarət altındadır. Kəskin devalvasiyanın təkrar baş verəcəyi qeyri-real görsənir. Həm də son aylar neftin dünya bazarında qiyməti 75 faiz civarında yüksəlib. Bu tendensiya davam edir. Bu da göstərir ki, manatın məzənnəsində hər hansı bir ciddi dəyişikliyin olması gözlənilən deyil. İlin sonuna qədər manatın dəyərsizləşməsi gözlənilmir”. Qeyd edək ki, iki həftə əvvəl Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir: "İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”. Ekspertlər isə bildirirlər ki, Mərkəzi Bank rəhbərliyi inzibati metodlardan istifadə etməklə bu günə qədər manatın kursunu sabit saxladıqları kimi, bundan sonra da eyni qaydada davam edə bilər. Yəni milli valyutanın dəyərdən salınmasının bir səbəbi də hökumətin büdcə qarşısında öhdəlikləri icra edə bilməməsi olub. Bildirilir ki, manatın kursu hazırkı siyasət davam etməklə süni şəkildə bir müddət saxlanıla bilər. Amma bu, o deməkdir ki, ölkədəki iqtisadi fəaliyyət kəskin şəkildə passivləşəcək. Onsuz da milli valyutanın bu cür dəyərdə saxlanılması iqtisadi fəallığa ciddi zərbə vurur. Ekspertlər vurğulayırlar ki, manatın məzənnəsinin bu cür saxlanılması çox çətin olacaq. Bu, sürətlə iş yerlərinin itirilməsi, əhalinin gəlirlərdən məhrum edilməsi deməkdir. Geri dön |