Ana Sayfa > Gündəm / Manşet / Karusel > Vəkillər Yunuslara bəraət istədi: “Geci-tezi var...”

Vəkillər Yunuslara bəraət istədi: “Geci-tezi var...”


13-08-2015, 14:10. Yazar: admin


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Virtulaaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə Leyla Yunusun vəkilləri Ramiz Məmmədov, Elçin Qəmbərov və Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə çıxışı etdilər. Hər üç vəkil müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.

Elçin Qəmbərov çıxışında dedi ki, Leyla Yunusun haqqında bəraət hökmü verilməlidir: “Geci-tezi var. Onsuz da Avropa Məhkəməsi bəraət verəcək. Bunun təkcə hüquqi deyil, siyasi tərəfini də nəzərə alın”.

Məhkəmə fasilədən sonra davam edəcək.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Geri dön