Ana Sayfa > Media > Dövlət səlahiyyətli şəxsləri öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər.

Dövlət səlahiyyətli şəxsləri öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər.


28-07-2022, 17:16. Yazar: admen
Dövlət səlahiyyətli şəxsləri öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər.

30 ilə yaxın həsrət qaldığımız doğma torpaqlarımıza, Müzəffər Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi altında cəsur ordumuzun və xalqımızın sıx birləşməsi nəticəsində yenidən qovuşduq. Bu qələbəyə, sevincə görə, qanları, canları ilə qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizə, sağlamlıqlarını itirmiş qazilərimizə, Vətən müharibəsi iştirakçılarına, onların ailələrinə borcluyuq.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim bu təbəqədən olan ailələri diqqət mərkəzində saxlayıb, onların qayğıları ilə maraqlanıb. Bütün dövlət məmurlarına ilk tapşırığı bu ailələrin problemlərini yerindəcə həll etmələri olmuşdur. Hər hansı bir məmurdan narazıçılıq yarandıqda, dərhal ölçü götürülərək, ciddi nöqsanlar aradan qalxmışdır.

30 ilə yaxın müharibə şəraitində yaşayan bir ölkə şəhidini, qazisini heç vaxt unutmamış, daim ailələrlə sıx münasibətdə olmuş, əlamətdar günlərdə ilk öncə onları xatırlamışlar.

Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.
Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Biz qürurluyuq ki, böyüməkdə olan nəsil vətənpərvərlik ruhunda böyüyür, şəhidin, qazinin döyüş yolları ilə dərindən maraqlanırlar. Şəhidliyin necə bir ali zirvə olduğunu dərindən anlayırlar.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək hərbi siyasəti, taktikası dünyaya meydan oxudu. Bu gün işğaldan azad olmuş, mənfur düşmənlər tərəfindən viran qalmış torpaqlarımız yenidən əvvəlkindən də gözəl, dilbər guşələrə çevrilir, öz doğma sakinlərini yenidən qoynuna alır. Odur ki, bizim ən ümdə vəzifəmiz Prezidentimizin, dövlətimizin ətrafında hər an sıx birləşərək, ona dəstək olmaq, dövlətçiliyimizin aliliyini qorumaq, qazandığımız qələbənin daimi olması üçün var gücümüzlə çalışmaq, dünya səviyyəli gənclərin, savadlı kadrların yetişməsi üçün elmimizi, mədəniyyətimizi, dilimizi, tariximizi təbliğ, tədris etməliyik. Azərbaycan xalqına, millətinə yalnız qələbə, zəfər yaraşır.
Yaşasın Azərbaycan!!!

Nərgiz Cəfərova
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü,
Bərdə şəhər 2 saylı kitabxananın müdiri

Geri dön