Ana Sayfa > İqtisadiyyat > "Fantastik maliyyə resurslarından söhbət gedir"

"Fantastik maliyyə resurslarından söhbət gedir"


28-07-2022, 15:58. Yazar: sevinc1
"Fantastik maliyyə resurslarından söhbət gedir"

Qarabağın bərpası ilə bağlı heç bir beynəlxalq institut öz rolunu bəyan etməyib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən "ASAP Forum 2022" adlı tədbirdə deyib.

O bildirib ki, Qarabağ münaqişəsi zamanı əraziyə dəymiş ziyan göz qabağındadır: "Ancaq hələ ki, heç bir beynəlxalq institut orada hansısa bərpa işində öz rolunu beyan etməyib, hansısa dəstəyə nail olunması haqda danışmayıb, hətta minaların təmizlənməsində belə biz yalnız öz imkanlarımıza və resurslarımıza söykənirik. Bu, o qədər xoş olmayan xəbər olsa da, bizim üzərimizə düşən məsuliyyəti dərk etmək üçün bir əsasdır. Necə ki, Qarabağı özümüz azad etmişik, onun bərpası da öz öhdəmizə düşür. Qarabağın bərpası haqda danışanda, əlbəttə ki, zərərin həcmini hesablamaq mümkün deyil. Qarabağdakı ziyanın həcmini yalnız dünya müharibəsindən sonra Avropa ölkələrinə dəymiş ziyanla müqaisə etmək olar".

Rəhman Hacıyev əlavə edib ki, Avropa ölkələrindən danışarkən unutmaq olmaz ki, söhbət böyük bir qitədən gedir və yanında ABŞ kimi müttəfiq var. Fantastik maliyyə resurslarından söhbət gedir. Bizim gücümüz isə həmrəyliyimizdədir: "Müharibənin bitməsindən iki il keçməsinə baxmayaraq, biz hələ də dəymiş ziyanı hesablayıb bitirə bilmirik, böyük bir rəqəmdən söhbət gedir. Bu həcm ən azı on milyardlarla göstərilə bilər. Bərpa prosesi isə kifayət qədər uzun bir müddət tələb edir".
Geri dön