Ana Sayfa > Media > Ulu Öndər Heydər Əliyev: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”

Ulu Öndər Heydər Əliyev: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”


27-07-2022, 12:52. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyev: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”


Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.
Dilimizə dövlət dili statusunun verilməsi şübhəsiz ki, ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Ümummilli lider bununla gələcək müstəqil dövlətin milli rəmzlərindən birinin əsasını məharətlə qoyaraq milliləşmə prosesinə məqsədli şəkildə start verdi.70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi davam etdirildi. Sovet respublikalarının rəhbərləri Ana dili məsələsini gündəmə gətirməkdə çətinlik çəkirdilər. O vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətlə bildirir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu təklif 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə Ulu Öndər gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Müstəqillik illərində də dahi şəxsiyyət tərəfindən dilimizin qorunması istiqamətində ciddi işlər görüldü, 1995-ci ildə müxtəlif təkliflər və uzun müzakirələrdən sonra ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Beləliklə, dilimizin inkişafı istiqamətində daha mühüm bir fəaliyyət gerçəkləşdirildi. Həmçinin 2001-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalandı. Bu mühüm sənəd dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik idi.Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu.Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”; “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”; “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Bu kəlamlar Azərbaycan dövlətçiliyinə sevgidir, Azərbaycan dilinə sevgidir, azərbaycanşılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir. Cənab Prezidentimizin də qeyd etdiyi kimi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.”Azərbaycan dili tarix boyu Azərbaycan xalqının mənsub olduğu mədəniyyətin güzgüsü olmaqla yanaşı, xalqımızın müstəqillik və mübarizə əzminin daşıyıcısına çevrilmişdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Aia.Az
Geri dön