Ana Sayfa > Manşet / Media > İran Rusiyaya PUA satarsa... - Moskva ilə Tehranın təhlükəli və mənasız oyunu

İran Rusiyaya PUA satarsa... - Moskva ilə Tehranın təhlükəli və mənasız oyunu


25-07-2022, 11:06. Yazar: sevinc1
İran Rusiyaya PUA satarsa... - Moskva ilə Tehranın təhlükəli və mənasız oyunu

Ukrayna mediası və xüsusilə də Telegram kanalları İranın artıq Rusiyanı "Shahed 129" zərbə və kəşfiyyat PUA-ları ilə təmin etdiyini vurğulayırblar.

İran pilotsuz təyyarələrinin bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır.

Yüklərin əsasını "Shahed 129" döyüş dronlarının təşkil etdiyi məlumdur. Onun hazırlanması zamanı İsrailin "Hermes 450" pilotsuz təyyarəsi və Amerikanın "MQ-1 Predatoru" əsas götürülüb.

"Shahed 129" PUA-sının uzunluğu 8 metr, qanadlarının ümumi uzunluğu 16 metrdir.



İranlıların dediklərinə görə, PUA 400 kq döyüş yükü daşıya bilir. PUA-nın maksimal sürəti 150 km/saat, fəaliyyət radiusu 200 kilometrdir. Bəyan edildiyinə görə, 1700 km məsafəyədək uça bilir və havada da 24 saat qalmaq qabiliyyətinə malikdir.

PUA İsrailin "Spike-ER" tank əleyhinə raketinin İrandakı təqlidi olan "Sadid-1" və ya qəlpəli döyüş başlığına malik "Sadid-345" tipli 4 raketlə təchiz olunur.

İran qoşunları indiyədək "Shahed 129" PUA-sından döyüş şəraitində istifadə etmədiklərindən onun gerçək taktiki-texniki məziyyətləri bəyan edilmiş rəqəmlərdən xeyli fərqli ola bilər.

İranın PUA sənayesi: nə, necə, nə üçün?

İran İslam Respublikası ağır beynəlxalq sanksiyalar səbəbindən ordusunu yerli istehsal olan texnika, silah və sursatla təminat strategiyasını seçib. İranın "assimetrik savaş" taktikasının əsas prinsiplərindən birini isə ucuz dronlardan kütləvi istifadədir.

İranın Fars Körfəzindəki silahlı əməliyyatlarının ən azı yarısı belə PUA-lar və kiçik dronlar vasitəsilə reallaşdırılıb.

İran İslam Respublikası 40 ildən bəri ABŞ-ın çox ağır sanksiyaları və embarqolarına məruz qalan ölkə olsa da, hərbi məqsədlərlə istifadə üçün çoxsaylı modeldə pilotsuz uçan aparatlar (PUA) hazırlayaraq istehsal edir.

Onların arasında İranın "İslam İnqilabı Keşikçiləri Korpusunun" (SEPAH) Zəncandakı hərbi fabrikində istehsal edilən və 7 min kilometr uçuş məsafəsi olduğu iddia edilən "Ghazzeh" də var.

İranın istisnasız olaraq bütün döyüş və kəşfiyyat PUA-ları Qərb ölkələrinin, xüsusilə də ABŞ və İsrailin PUA-larının təqlididir.



Təbii ki, təqlidlər taktiki-texniki baxımdan, xüsusilə də optika və rabitə vasitələri baxımından orijinallardan xeyli geri qalırlar.

Məsələn, İranda istehsal olunan "Shahed 171 Simorgh" PUA-sı İranın 2011-ci ildə ələ keçirdiyi, ABŞ-a məxsus "Lockheed Martin RQ-170 Sentinel"in təqlididir.

"Saegheh" PUA-sı da təqliddir.

Hazırda İranın ən effektiv PUA-ları "Shahed 161", "Shahed 191", "Shahed 171", "Ababil-B" və "Qaem"dir.

Rusiyanın niyə məhz İrandan PUA-lar və bu PUA-lar üçün idarə olunan, korrektə edilən raketlərlə mərmilər almaq niyyətində olması bəllidir.

Qərbin sərt sanksiyalar tətbiq etdiyi Rusiya Federasiyasında silahlı qüvvələr üçün PUA istehsalı Moskva üçün qənaətbəxş səviyyədə deyil.

Rusiyanın ifrat dərəcədə tərifləyərək reklam etdiyi "Orlan", "Forpost-R" və ya "C-70 Oxotnik" PUA-ları texniki göstəricilərinə görə xarici analoqlarından çox geri qalırlar.

İran isə hazırda ABŞ, İsrail, Çin və Türkiyənin lider olduğu PUA istehsalı seqmentində özünə yer tutmağa çalışır.

Rusiya son illərədək İsrail və İranla hərbi-texniki əməkdaşlıq sahəsində balansa riaət etməyə çalışırdı. Lakin Suriyadakı son olaylar və xüsusilə də Rusiyanın Ukraynada apardığı müharibə Moskva ilə Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlığın səviyyəsini minimuma endirib.



Halbuki Rusiya İsraildən "Searcher" kəşfiyyat PUA-sının lisenziyasını alaraq onu "Forpost" adı ilə istehsal edirdi.

Belədirsə, İran gerçəkdən də Rusiyaya yüzlərlə döyüş PUA-sı satmağa başlayıbmı?

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu barədə bəyanat vermişdi. "İran Rusiyaya yüzlərlə PUA satmağa razılıq verib" açıqlamasından az sonra İranın XİN başçısı Hüseyn Əmir Abdullahian, bir qədər keçəndə isə onun rusiyalı həmkarı Sergey Lavrov deyilənləri qətiyyətlə təkzib etdilər.
Ətraflı

Fəqət, Tehran və Moskvanın təkzibləri belə sövdələşmənin gerçəkdən də olmaması anlamına gələ bilməz.

Hazırda İran dünyada PUA istehsalı sahəsində ölkələrin ilk 10-luğunda yer alıb. Tehran təqribən 200 adda PUA istehsal edir ki, onların da tam əksəriyyəti prototiplərdir.

Rusiyanın PUA axtarışı

Ukraynada gedən müharibə Rusiya Federasiyasının döyüş və kəşfiyyat PUA-larından istifadə baxımından çox geri qaldığını göstərdi.

PUA-lar 21-ci əsrdə, 5-ci nəsil savaşlarda hərbi əməliyyatların ayrılmaz hissəsidir.

Lakin Rusiyanıne arsenalında sadəcə, İsrailin "Taasiya Avirit" (Israel Aerospace Industries) konserninin istehsalı olan "Searcher"in təqlidi olan və Təl-Əvivdən alınmış lisenziya əsasında istehsal edilən "Forpost-R" kəşfiyyat PUA-sı, habelə bu məqsədlə buraxılan "Kronştadt" və "Orlan-10" PUA-ları var.

"Kalaşnikov" konserninə daxil olan ZALA AERO-nun istehsal etdiyi "Kub-BLA" kamikadze dronundan isə Ukraynada cəmi bir neçə dəfə istifadə edilib.

Ukraynanın silahlı qüvvələri isə Türkiyədən alınmış onlarla "Bayraktar TB2" döyüş PUA-ları və ABŞ-ın yardım qismində verdiyi yüzlərlə kiçik "Switchblade" kamikadze dronları sayəsində rusiyalılara ağır zərbələr vurmaqdadır.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar başlayanda prosesin qısa müddətdə başa çatacağına şübhə etmədiyindən yetərincə hazırlıq görməmişdi. Lakin müharibənin başlanmasından artıq 151 gün keçib, Ukrayna qoşunları PUA-lar vasitiəsilə rusiyalılara zərbələr endirirlər, rusiyalıların ehtiyatları azalır. Rusiyanın hərbi-sənaye kompleksi isə hələ də PUA-ların seriya istehsalına hazır deyil.

Və belə situasiyada Rusiya çıxış yolunu İrandan PUA-lar almaqda görə bilər.



Daha dəqiq olsaq, əgər Rusiya gerçəkdən də İrandan döyüş PUA-ları almaq fikrindədirsə, onda Moskva ilk növbədə Tehrandan "Shahed-129" və "Mohajer-6" zərbə PUA-larını, habelə "Shahed-136" mərmilərini istəyəcəklər.

Lakin sövdələşmə varsa belə, İranın Rusiya PUA satmaq imkanları çox məhduddur. Belə ki, fevralda Kirmanşah şəşərində yerləşən, əsas PUA istehsalı müəssisəsi olan zavodda bu ilin fevral ayında İsrailin xüsusi əməliyyatı nəticəsində yüzlərlə PUA olan anbarın məhv edilməsidir.

İran problemi həll etmək üçün Tacikistandakı zavodundan yararlanmaq fikrinə düşə bilər, amma həmin zavodun istehsal gücü azdır və orada kiçik "Ababil" kəşfiyyat PUA-ları buraxılır.

İran yaxın vaxtlarda Rusiyaya onlarla döyüş və kəşfiyyat PUA-sı sata bilsə belə bu, Ukrayanadakı müharibənin gedişatına ciddi təsir etməyəcək.

Rusiyanın əsas məqsədi Ukraynanın son vaxtlarda ABŞ-dan aldığı HİMARS mobil reaktiv yaylım atəşi sistemlərinin (MRLS) vurduqları ağər zərbələrin qarşısını almaqdır.

HİMARS-ların dəqiqliyi və uzaqvurma məsafəsi ukraynalalılara Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində taktiki hədəfləri vurmağa, xüsusilə də böyük silah-sursat anbarları ilə qərargahları məhv etməyə imkan verir.

HİMARS-lar həm də döyüşlərdə Rusiya artilleriyasının üstünlüyünü heçə endirib və məhz bu səbəbdən rusiyalıların döyüş PUA-ları ilə kamikadze dronlara kəskin ehtiyacı yaranıb.

Nə olacaq?

Ukrayna və Qərb mediası iddia edirlər ki, İran Rusiyaya 300 PUA satmağa hazırdır. Bəs real vəziyyət və xüsusilə də, sövdələşmə gerçəkdən də varsa, onun Ukraynadakı hərbi əməliyyatların gedişatına təsiri necə olacaq?

Hazırda Rusiya Silahlı Qüvvələrindəki PUA-ların sayı 50-dən artıq deyil. İranın Rusiyaya iddia olunduğu kimi, 300 döyüş və kəşfiyyat PUA-sı satması illuziya səviyyəsində ehtimaldır.

Tehran Moskvaya ən yaxşı halda 30-40 PUA verə bilər ki, bu da Ukraynadakı hərbi əməliyyatların gedişatına ciddi təsir etməyəcək.

İran PUA-ların müqabilində Rusiyadan ən müasir hərbi texnologiyaları, xüsusidə də nüvə silahı və ballistik raket istehsalı sahəsində Moskvanın malik olduğu təcrübədən yararlanmağı tələb edə bilər.

İran nüvə texnologiyalarını sürətlə inkişaf etdirsə də, potensial nüvə başlığını daşımaq üçün qitələrarası ballistik raket istehsalında ciddi problemlərlə üzləşib.



Amma İran Rusiyaya çox yox, 1 ədəd PUA satarsa, Rusiya mütləq həmin PUA-dan Ukraynada istifadə edəcək. Sözügedən PUA da gec-tez vurulacaq və Qərb ölkələri, xüsusilə də ABŞ İranın Rusiyaya müasir silah satmasına dəlalət edən danılmaz fakt əldə edəcəklər.

"Made in İran" yazılı PUA qalıqlarının Ukraynada aşkarlanması İrana qarşı sanksiyaların dəfələrlə sərtləşdirilməsinə səbəb olacaq. Üstəlik, həmin olay İranın dünya neft bazarlarına çıxışla bağlı cəhdlərini də mənasız edə bilər.

Elçin Alıoğlu

Geri dön