Ana Sayfa > Siyasət > Azərbaycan Avrasiya məkanında gedən qlobal proseslərə təsir etmək imkanlarına sahib olan nüfuzlu bir ölkədir

Azərbaycan Avrasiya məkanında gedən qlobal proseslərə təsir etmək imkanlarına sahib olan nüfuzlu bir ölkədir


23-07-2022, 10:41. Yazar: admen
Azərbaycan Avrasiya məkanında gedən qlobal proseslərə təsir etmək imkanlarına sahib olan nüfuzlu bir ölkədir

Artıq uzun müddətdir ki, Azərbaycanda müşahidə olunan dinamik inkişafı, ölkənin iqtisadi qüdrətinin getdikcə artmasını, insanlarımızın rifah halının yüksəlişini şərtləndirən əsas amillər sırasında təbii ki, xarici əlaqələr önəmli rol oynayır. Məsələ bundadır ki, istər Cənubi Qafqaz regionu, istərsə də Xəzər dənizi hövzəsi tarixən dünya güclərinin maraq dairəsində olublar. Bu marağın bir çox səbəbləri vardır ki, bunlardan da ən vacibləri zəngin təbii resurslar və strteji cəhətdən əhəmiyyətli coğrafi yerləşmədir. Məhz buna görə də region ölkələri üçün müstəqil xarici siyasət yürütmək və ümumiyyətlə suverenliyini qoruyub saxlamaq hər zaman çətin məsələ olub. O cümlədən Azərbaycan da ötən əsrin 90-cı illərinin əvvəllərində bu kimi problemlərlə üzləşmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından az sonra ölkədə vəziyyət kökündən dəyişdi. Ümummilli Liderin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycanın həm enerji resursları, həm də coğrafi yerləşməsi artıq öz xalqının mənafeyinə xidmət etməyə başladı.

Bu gün isə Ulu Öndərin əsasını qoyduğu balanslaşdırılmış və praqmatik xarici siyasət kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək artıq tamamilə yeni, daha yüksək və effektiv mərhələyə keçid edib. İlk növbədə, məhz bu siyasi kurs Azərbaycana beynəlxalq müstəvidə öz mövqelərini möhkəmlətmək və bununla da 2020-ci ildə ərazilərini işğaldan azad etmək məqsədilə apardığı irimiqyaslı hərbi əməliyyatların gedişinə kənar qüvvələrin müdaxiləsinə yol verməmək imkanı verdi. Yenə də, məhz bu xarici siyasət kursunun nəticəsi olaraq dünya gücləri, beynəlxalq təşkilatlar və aparıcı dünya ölkələri postmüharibə dövrünün yeni reallıqlarını, Azərbaycanın yaratdığı reallıqları tanıdılar və qəbul etdilər. Nəhayət, məhz bu siyasi kursun sayəsində bu gün Azərbaycan sadəcə regional lider dövlət deyil, eyni zamanda Avrasiya məkanında gedən qlobal proseslərə təsir etmək imkanlarına sahib olan güclü, nüfuzlu bir ölkədir. Bu gün dünyanın lider dövlətləri, aparıcı transmilli konsorsiumlar, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələrini möhkəmlətmək, əməkdaşlıq etmək niyyətlərini açıq-aşkar bildirirlər. Təbii ki, ölkəmiz də hər zaman bərabərhüquqlu münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlıqlara tərfdardır.

O cümlədən, xüsusilə son bir neçə ildə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu isə bu münasibətlərin zaman keçdikcə daha da dərinləşəcəyini və möhkəmlənəcəyini deməyə əsas verir. Sözsüz ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da ikitərəli münasibətlərin, əməkdaşlıq əlaqələrinin inkişafına verilmiş böyük töhfədir. Məhtərəm Prezidentimiz cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında da vurğulanıb ki, ölkəmizin başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişir. Artıq Avropa ölkələri Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri ilə Azərbaycandan yanacaq enerji resursları alırlar.

Təbii ki, bütün bunlar heç də əməkdaşlığın son həddi deyil. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş hazırlanır və bu sənədin imzalanmasından sonra əlaqələr yeni, daha yüksək mərhələyə keçid alacaqdır. Artıq bu il Azərbaycan ilə Avropa İttifaqı arasında neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və bir çox digər strateji əhəmiyyətli sahələri əhatə edən enerji dialoquna başlanmışdır. Öz çıxışında Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır və planların icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə daha da artıracaq.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön