Ana Sayfa > Media > Ermənistan revanşist düşüncəsindən əl çəkməsə, budəfəki "Dəmir Yumruq" daha ağır olacaq

Ermənistan revanşist düşüncəsindən əl çəkməsə, budəfəki "Dəmir Yumruq" daha ağır olacaq


20-07-2022, 12:06. Yazar: sevinc1
Ermənistan revanşist düşüncəsindən əl çəkməsə, budəfəki "Dəmir Yumruq" daha ağır olacaq

Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruğunun” təsirindən hələ tam ayılmamış, Ermənistana humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün səylər göstərməkdə davam etsə də, rəsmi İrəvan sərsəm davranışları ilə vəziyyəti gərginləşdirməkdə israrlı görünür. Bölgədəki sülh üçün təhdid olan Ermənistan həmişə olduğu kimi, yenə də boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur. Qalib Komandan kimi İlham Əliyev bir neçə dəfə bu ölkənin rəhbərliyinə və revanşist qüvvələrə səslənərək bölgədə təhlükəsizliyin təminatı olan sülh müqaviləsinin imzalanmasının Ermənistana gətirəcəyi iqtisadi və siyasi dividendləri də açıqlayıb. Lakin son vaxtlarda məğlub ölkənin davranışı, "status" və ya "Dağlıq Qarabağ" münaqişəsi kimi ifadələrin işlədilməsi göstərir ki, Ermənistan yenə də köhnə ampluasında qalmaqdadır.   
Qeyd edək ki, iyulun 15-də cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyev bir daha Ermənistanın bu cür davranışına toxundu və çox ciddi xəbərdarlığını etdi. Prezident bəyan etdi ki, savaşdan 1 il 8 ay ötməsinə baxmayaraq, məğlub ölkə nəinki sülh danışıqları masasına oturur, hətta 10 noyabr Bəyanaməsinin müddəalarını belə yerinə yetirməkdən boyun qaçırır. Bunun sonu isə heç də Ermənistan üçün yaxşı görünmür. Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialarından əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Prezident bəyan etdi ki, 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi bu ölkə üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırsa da, Ermənistan prosesi uzadır. Azərbaycan məsələni eyni zamanda Rusiyanın hərbi rəhbərliyi qarşısında da qaldırıb. Hətta bir neçə ay bundan əvvəl bu ölkənin Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən ölkəmizin Müdafiə Nazirliyinin rəhbərliyinə söz verib ki, bu ilin iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün iyul ayı olsa da, məsələ həllini tapmayıb. Yəni, Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir.
Dövlət Başçısı müşavirədə vurğuladı ki, Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb və bu ölkə Ermənistanı buna məcbur etmir. Azərbaycan isə bu vəziyyətlə barışmaq fikrində deyil: "Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir". Prezident bildirdi ki, Ermənistan 10 noyabr Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi də yerinə yetirməkdən yayınır. Hansı ki, imzalanan sənədə əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər Azərbaycana bu imkan verilməyib. Lakin Azərbaycan Laçın yolu ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdədir. Hazırda da yol açıqdır və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Yəni Azərbaycan qalib dövlət kimi öhdəliyini yerinə yetirdiyi halda, Ermənistan məğlub ölkə kimi üzərinə düşən vəzifəni reallaşdırmaqdan boyun qaçırır.
Əgər qalib ölkə 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra edirsə, Ermənistan da üzərinə düşənləri mütləq reallaşdırmalıdır. Digər məqamlardan biri də son vaxtlar Ermənistan rəhbərliyinin yenə də hansısa "status" haqqında danışması ilə bağlıdır. Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda status məsələsinə toxunulmaması ilə bağlı Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma var. Ermənistan müəyyən müddət buna əməl etsə də, son zamanlar bu sözü tez-tez işlətməyə başlayıb. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın "status"undan danışırlar. Amma İlham Əliyev müharibədən sonra səsləndirdiyi bəyanatlarda statusun yerini göstərib. Müşavirədə qalib Sərkərdə bu məsələyə bir daha toxunaraq dedi ki, əgər Ermənistanda bunu kimsə unudubsa, yenidən həmin fikri təkrarlaya bilərəm. İlham Əliyev məğlub ölkəyə xəbərdarlıq edərək bildirdi ki, "status" haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Yəni, Ermənistan "status" məsələsini gündəmə gətirməklə özünə ciddi problemlər yaradır və unudur ki, "dəmir yumruq" yenidən işə düşə bilər. Əslində status haqqında Azərbaycan danışa bilər.  Ölkəmizin Zəngəzur üçün status tələb etmək hüququ var. O Zəngəzur ki, 1920-ci ilin noyabrında Azərbaycandan qoparılıb. Ermənistanın gündəmə gətirdiyi digər məsələ Minsk qrupu ilə bağlıdır. İlham Əliyev bu barədə də fikrini açıqladı. Qeyd etdi ki, artıq belə bir qurum yoxdur, onu axtaran tarixin arxivinə baş vurmalıdır.
İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunub, bu  mövzu bağlanıb: "Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir".
Prezident mənfi meyillərin gücləndiyi zamanda Ermənistana bir daha səslənərək ən doğru yolun sülh müqaviləsindən keçdiyini bildirdi. Bəyan etdi ki, hələ bu, hansısa bir ciddi fəsada çevrilməyib. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan sülh istəyir. Amma qarşı tərəf reallıqlarla barışmaq istəmir. Ona görə də Azərbaycan hələlik xəbərdarlıq edir: "Hərə də bu bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik". Bir sözlə, qalib Komandan  birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan Qarabağ məsələsini artıq həll edib, nə "status" var, nə də "Dağlıq Qarabağ". Ermənistan çıxış yolu axtarırsa, Azərbaycanın 5 prinsipi əsasında hazırlanacaq sülh müqaviləsini imzalamalıdır. Yox, əgər, yenidən revanşist düşüncələrə üstünlük versə, faşist düşüncəsindən əl çəkməsə, yenidən öz havadarlarına üz tutsa, budəfəki "dəmir yumruq" daha ağır olacaq.
Ermənistan artıq bunu düşünməlidir və dərk etməlidir ki, daha da acınacaqlı duruma düşməməkdən ötrü onun Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur. O, sülh sazişinin bağlanılması təklifini qəbul etməlidir, əks halda, bunun nəticələrinə də hazır olmalıdır.

Səbuhi Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə Əlmədədli kənd ərazi partiya təşkilatının
Geri dön