Ana Sayfa > Təhsil > SDU ilə Çinin Heksi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

SDU ilə Çinin Heksi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı


14-07-2022, 16:02. Yazar: sevinc1
SDU ilə Çinin Heksi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

İyulun 13-də Sumqayıt Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Heksi Universiteti arasında onlayn formatda əməkdaşlıq müqaviləsi imzalandı.

Heksi Universitetinin prorektoru Zanq Yunun moderatorluğu ilə keçən onlayn görüş universitetin rektoru Zanq Haninin çıxışı ilə başladı.

Rektor Heksi universitetinin tarixi, akademik imkanları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək beynəlxalq əlaqələrin universitetlərin inkişafındakı rolundan, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs etdi. O, Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən də söz açaraq qarşılıqlı mübadilələrin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Daha sonra Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov iştirakçıları salamlayaraq, SDU-nun fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışdı. Bildirdi ki, SDU beynəlxalq əlaqələrini günü-gündən genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Rektor keçirilən görüşün və imzalanan müqavilənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Eyni zamanda rektor professor Elxan Hüseynov Çin ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illik tarixə malik olduğunu da iştirakçıların diqqətinə çatdıraraq bu yubiley münasibətilə də qarşı tərəfi təbrik etdi. Azərbaycanla Çin arasındakı dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirən rektor hər iki ölkə arasındakı dostluq münasibətlərinin daha da genişlənməsinə töhfələr verəcəyini vurğuladı.

SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev də imzalanan müqavilənin hər iki universitetin beynəlmiləlləşmə sahəsində atılan uğurlu addım olduğunu bildirərək əməkdaşlıqda uğurlar arzuladı.

Qarşılıqlı faydalılıq prinsipi əsasında iki universitet arasında əməkdaşlıq və akademik mobillik imkanlarını nəzərdə tutan əməkdaşlıq müqaviləsini Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və Heksi Universitetinin rektoru Zanq Hani imzaladı və xatirə şəkilləri çəkildi.

Əməkdaşlıq müqaviləsi çərçivəsində SDU-da “Konfutsi İnstitutu”nun (məktəbin) yaradılması da müzakirə olundu.

Rektor professor Elxan Hüseynov universitetdə “Konfutsi İnstitutu”nun açılmasının Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə və iki ölkə arasında humanitar əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd etdi.

Qeyd edək ki, Konfutsi çinli bir filosof, müəllim və siyasətçi idi. Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi (e.ə. 551-479-cu illər) əsasən böyük filosof, konfutsizm fəlsəfi cərəyanının banisi kimi tanınır. Lakin o, həm də təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır. Çinşünas alimlərin qənaətincə, Konfutsi təlimi Çinə tarixi və mədəni şüur bəxş edib.

Onun yanaşmalarının təhsildə, əxlaqi və sosial normalarda, eləcə də hökumətə rəhbərlik yolunda böyük təsirləri olmuşdur.

aia.az
Geri dön