Ana Sayfa > Seçki 2024 > Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi


6-07-2022, 16:15. Yazar: admen
Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti genişlənir, qlobal səviyyədə ölkəmizin etibarlı tərəfdaş imici güclənir. Bu baxımdan, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına rəhbərliyi mühüm əhəmiyyət kəsb edir. “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini uğurla başa vurdu. Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının irəli sürdüyü təşəbbüslər onun fəaliyyətinin səmərəsindən xəbər verir. Bu o deməkdir ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə qarşı bəslənilən böyük etimaddır. Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı vurğulamışdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlmişdir.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu mümkünsüzdür. O artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Azərbaycan 30 il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas oyunçusuna çevrildiyini sübut etməkdədir. Bu baxımdan, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşulmama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsir gücünü artırmaqda davam edir və dünya ölkələrini sülhün, əməkdaşlığın, təhlükəsizliyin təmin olunmasına sövq edir.Unutmaq olmaz ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Bu səbəbdən dolayı dövlətimiz ədalətsizliyə düçar olan dövlətləri daha yaxşı başa düşür və növbəti dəfə daha səmərəli yeni təşəbbüslər irəli sürmək iqtidarındadır. Azərbaycan bu günə qədər olduğu kimi, bu gündən sonra da Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön