Ana Sayfa > Media > Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.

Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.


5-07-2022, 16:56. Yazar: admen
Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.

Məlum olduğu kimi, bu il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Tədbirdə iştirak edən Prezident İlham Əliyevin parlaq, dərin məzmunlu çıxışında səslənən olduqca dəyərli fikir və mülahizələr ölkə və beyəlxalq ictimayyət tərəfindən böyük maraqla qarşılanıbdır.

Ölkə başçısı qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafını, investisiya mühitinin yaxşılaşdırılmasını, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulmasını, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmaşını önə çəkərək həmin vəzifələrin yerinə yetirilməsinin Xəzəryanı dövlətlərin əsas prioritetləri olduğunu bildirmişdir. Qeyd edək ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik fəaliyyət nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Yeri gəlmişkən, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə– hüquqi bazası getdikcə möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Artıq Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Onu da qeyd edək ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bunu diqqətə çatdıran dövlət başçımız dedi ki, ölkəmiz Şərq –Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq–Qərb və Şimal– Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat – logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”. Çıxışında bu il Azərbaycanda Şimal– Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsinin də planlaşdırıldığını qeyd edən dövlət başçımız Azərbaycanın Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görüldüyünü, Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini vurğuladı.

Ən əsası, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu fəaliyyətin uğurla nəticələnəcəyinə, Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə inamımız böyükdür.

Faiq Mehdiyev,
YAP Göygöl rayon təşkilatı üzrə Pənahlılar
kənd ərazi partiya təşkilatının sədri

Geri dön