Ana Sayfa > Media > Aərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə böyük töhfələr verir

Aərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə böyük töhfələr verir


4-07-2022, 11:50. Yazar: admen
Aərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə böyük töhfələr verir

Azərbaycan 2020-ci ilə qədər ötən, 30 ilə yaxın bir müddət ərzində dünya güclərinin müdhiş ədalətsizliyi ilə üzləşmiş ölkələrdən biridir. Beynəlxalq təsisatların və Qərbin ikili yanaşmaları, ərazisinin 20 faizindən çoxu işğal altında olan Azərbaycanın inkişafına ciddi maneələr törədirdi. İşğalçı Ermənistana bu mövzuda heç bir təsir göstərməyən güclər hətta münaqişənin daimi olması üçün ATƏT-in Minsk qrupunu bir alətə çevirmişdilər və nəticədə bu qurum 30 ildə heç bir əməli nəticə ortaya qoya bilmədi. 1992-ci ildə yaradılmış Minsk qrupunun vəzifəsi ona verilmiş rəsmi mandata əsasən münaqişənin həll yolunu tapmaq olduğu halda, sonradan aydın oldu ki, təsisatın yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlanmasına şərait yaratmaqdan ibarət olmuşdur.
Lakin bütün bu illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımızın və dövlətimizin işğal faktı ilə barışmayacağını dəfələrlə bəyan etmişdi. Nəhayət 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatlarına cavab olaraq, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara başladı və cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq öz torpaqlarını işğaldan azad etdi. Lakin Vətən müharibəsinin davam etdiyi 44 gün Azərbaycan üçün heç də sadəcə döyüş meydanında gedən hərbi əməliyyatlardan ibarət olmadı. Həmin dövrdə dünyada olan ermənipərəst güclər yenə də hərəkətə keçərək anti-Azərbaycan faəliyyətlərinə davam etdilər. Lakin belə bir dövrdə Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəklədi və anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. İyun ayının 30-da keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu məsələlərə toxunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasını beynəlxalq hüququn təməl prinsiplərinin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi yönündə Azərbaycanın qətiyyətli addımı kimi qiymətləndirdi və bildirdi ki, bundan sonra da ölkəmiz hər zaman öz prinsiplərinə sadiq qalacaq.
Məlum olduğu kimi, Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən platforma olaraq, Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. 2011-ci ildən Hərəkatın üzvü olan Azərbaycan güclü dövlətlər tərəfindən əhatə olunan qeyri-sabit geostrateji məkanda yerləşir. Azərbaycan iki qütb arasında tərəfsiz mövqeyini qoruyub saxlamaqla bir tərəfdən müstəqilliyini və suverenliyini təmin etmiş olur, digər tərəfdən, dünya siyasəti müstəvisində neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək haqqı qazanır. O cümlədən, ötən dövr ərzində Azərbaycan siyasi dəst-xəttində beynəlxalq sülh təşkilatları və forumlarının prinsiplərinə daxili və xarici siyasətində layiqincə riayət etdiyini nümayiş etdirməklə, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli üçün daha çox tərəfdar səs toplamağa müvəffəq ola bilmişdir.
Konfransda etdiyi çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Hərəkarta ölkəmizin sədrliyi dönəmində institusional inkişaf istiqamətində atılmış addımlardan, Parlament Şəbəkəsi, Gənclər Şəbəkəsi kimi təşəbbüslərin reallaşmasından, habelə, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması üzərində aparılan mühüm çalşmalardan bəhs etdi və bununla da gələcək fəaliyyətin istiqamətlərini göstərmiş oldu.
Azərbaycanın Qoşulmama Hərəkatında ilk sədrlik illəri COVID-19 pandemiyası ilə üst-üstə düşmüşdü. Məhz belə bir çətin və məsuliyyətli dövrdə Azərbaycan dünyada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Məhz ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri kimi müvəffəqiyyət qazandı. Azərbaycanın təşəbbüsü ilə ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Peyvənd millətçiliyə qarşı kəskin etirazını bildirən Azərbaycan beynəlxalq səviyyədə dəstəkləndi və iqtisadi cəhətdən zəif dövlətlər üçün peyvəndin əlçatan olması kimi humanist bir missiyanın həyata keçirilməsində mühüm rol oynamış oldu. Çox mühüm tarixi missiyanı həyata keçirən Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq yönündə səylərini davavam etdirmək əzmində olduğunu bir daha sübut etdi.
Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü bütün təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, Hərəkatın institusional inkişafına yönəlib. Məhz bu yönümdə atılan məqsədyönlü addımlar, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Hərəkat üzvlərində dövlətimizə qarşı inam və etimadı artırmış, ölkəmizin nüfuzunun yüksəlməsinə, mövqelərinin güclənməsinə səbəb olmuşdur.

Sabir Əlizadə,
Xəzər rayonunun fəal gənci

Geri dön