Ana Sayfa > Seçki 2024 > Xəzəryanı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur

Xəzəryanı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur


4-07-2022, 10:44. Yazar: admen
Xəzəryanı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur

Məlum olduğu kimi, 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən etdi və bununla da hövzə ölkələri arasında münasibətlərdə o dövrə qədər müşahidə olunan müəyyən gərginliyin aradan qalxmasına yol açdı. Əlbəttə ki, Konvensiyanın tezliklə bütün ölkələr arasında ratifikasiya olunması dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaqdır. Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı mühüm əhəmiyyətə kəsb edən beynəlxalq tədbir oldu. Müzakirə olunan məsələrin aktuallığı baxımından seçilən sammit regionda və Xəzər hövzəsində əməkdaşlığın dərinləşdirilməsinə çox böyük töhfə olacaq.
Müasir dünyada mövcud olan siyasi vəziyyət, gedən qlobal proseslər Xəzər hövzəsində əməkdaşlığı zəruri edən amillərdən biridir. Ona görə də Xəzərin hüquqi statusuna dair müzakirələrin nəticələri təsdiqlənməli və həyata keçirilməlidir. Bu baxımdan VI Zirvə Toplantısında Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmləndirilməsinə dair atılan addımlar, imzalanmış sazişlər təqdirəlayiq hesab olunmalıdır. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlərin qüvvəyə minməsi Xəzər hövzəsində əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
VI Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı hər zaman olduğu kimi, təkcə Azərbaycanın deyil, eləcə də bütün hövzə ölkələri xalqlarının maraqlarına cavab verən təklif və təşəbbüslər irəli sürərək vurğuladı: “Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Möhtərəm Prezidentimiz həmçinin nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrin Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaratdığını vurğuladı. Məlumdur ki, bu gün ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyindən mühüm əhəmiyyət daşımaqla bərabər, həmin nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsi olub. İldən-ilə bu limana gələn tranzit yüklərin həcmi artır. Zəngəzur dəhlizinin reallığa çevrilməsi də bu sahədə əməkdaşlığı və inkişafı təmin edəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin həyata keçirilməsi gələcəkdə çox mühüm əhəmiyyət kəsb edəcək, Xəzər hövzəsi ölkələrinin logistika imkanlarını genişləndirəcəkdir.
Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, son dövrlərdə Xəzərdə olan ekoloji problemlər bütün sahilyanı dövlətləri, o cümlədən Azərbaycanı ciddi şəkildə narahat edir. Bu toplantıda qəbul olunan qərarlar, imzalanmış sazişlər həm qeyd edilən problemlərin həlli, həm də Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üçün imkanlar yaradacaqdır.

Əliəkbər Novruzov,
Xəzər rayonunun fəal gənci

Geri dön