Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Novruzəli Aslanov: “Bakı konfransı ölkəmizə olan yüksək etimadın və hörmətin daha bir nümunəsi oldu”

Novruzəli Aslanov: “Bakı konfransı ölkəmizə olan yüksək etimadın və hörmətin daha bir nümunəsi oldu”


3-07-2022, 11:29. Yazar: admen
Novruzəli Aslanov: “Bakı konfransı ölkəmizə olan yüksək etimadın və hörmətin daha bir nümunəsi oldu”

“Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi böyük əhəmiyyət daşıyan təsisatlardan biridir. 2011-ci ildən Hərəkatın üzvü olan Azərbaycan güclü dövlətlər tərəfindən əhatə olunan qeyri-sabit geostrateji platformada yerləşir. Azərbaycan iki qütb arasında tərəfsiz mövqeyini qoruyub saxlamaqla bir tərəfdən müstəqilliyini və suverenliyini təmin etmiş olur, digər tərəfdən, dünya siyasəti müstəvisində neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək haqqı qazanır. Bu vəziyyətdə Azərbaycanın Qoşulmama Hərəkatının üzvü kimi rəqib dövlətlər arasında körpü rolunda çıxış etmə şansı daha çoxdur. Sədrlik edəcəyi 4 il ərzində təkcə dövlətimizin deyil, regionun ümumi təhlükəsizlik maraqlarını müdafiə etmək və münaqişə tərəflərini neytral bir müstəvidə sülh prinsipləri ətrafında toplamaq iqtidarında olan Bakının münaqişə tərəfləri arasında sülh platforması kimi dünya ictimaiyyəti tərəfindən tanınması və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi və mövqeyinin təsbit edilməsi çox əhəmiyyətlidir.Ötən dövr ərzində Azərbaycan siyasi dəst-xəttində beynəlxalq sülh təşkilatları və forumlarının prinsiplərinə daxili və xarici siyasətində layiqincə riayət etdiyini nümayiş etdirməklə, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli üçün daha çox tərəfdar səs toplamağa müvəffəq ola bilmişdir.
Cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Azərbaycanın bir daha öz prinsiplərinə sadiqliyinin və sədrliyi dönəmində yeni təşəbbüsləri ilə bu beynəlaxalq təşkilatın inkişafına verdiyi töhfələrin miqyasını müəyyən etdi”.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “konfransda cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Hərəkarta Azərbaycanın sədrliyi dönəmində institusional inkişaf üçün atılmış addımlardan, Parlament Şəbəkəsi, Gənclər Şəbəkəsi kimi təşəbbüslərin reallaşmasından, habelə, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması kimi mühüm addımlardan bəhs etdi və gələcək fəaliyyətinin istiqamətlərini göstərmiş oldu.
Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşsə də Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri kimi müvəffəqiyyət qazandı.. Azərbaycanın təşəbbüsü ilə ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.Peyvənd millətçiliyə qarşı kəskin etirazını bildirən Azərbaycan beynəlxalq səviyyədə dəstəkləndi və iqtisadi cəhətdən zəif dövlətlər üçün peyvəndin əlçatan olması kimi humanist bir missiyanın həyata keçirilməsində mühüm rol oynamış oldu.Çox mühüm tarixi missiyanı həyata keçirən Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq yönündə səylərini davavam etdirmək əzmində oıduğunu bir daha sübut etdi”.

Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan son 30 il ərzində dünyada ədalətsizliklə üzləşmiş ölkələrdən biridir. Dünya güclərinin və Qərbin ikili yanaşmaları, ərazisinin 20 faizindən çoxu işğal altında olan azərbaycanın inkişafına ciddi maneə törədirdi. Təəssüf ki, Ermənistana bu mövzuda gözün üstə qaşın var deməyən güclər münaqişənin daimi olması üçün Minsk qrupunu sadəcə alətə çevirmişdilər və nəticədə bu qurum 30 ildə heç bir əməli nəticə ortaya qoya bilmədi. 1992-ci ildə ATƏT tərəfindən yaradılmış Minsk qrupunun vəzifəsi münaqişənin həll yolunu tapmq olduğu halda, sonradan aydın oldu ki, təsisatın yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət olmuşdur
Belə olduğu halda Azərbaycan bir dövlət və millət olaraq öz haqlı mübarizəsini başlatdı və 44 günlük müharibədə düşməni məğlub edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu zaman ermənipərəst qlobal güclər yenə də hərəkətə keçərək anti-Azərbaycan faəliyyətlərinə davam etdilər. Lakin Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəklədi və. anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.Cənab Prezident Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasının beynəlxalq hüququn təməl prinsiplərinin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi yönündə Azərbaycanın qətiyyətli addımı kimi qiymətləndirərək bundan sonra da öz prinsiplərimizə sadiq qalacağımızı bəyan etdi”.

Millət vəkili son olaraq qeyd etmişdir ki, “Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib.Məhz bu yöndə atılan addımlar, azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi Hərəkat üzvlərində dövlətimizə qarşı inam hissini gücləndirmişdir. Azərbaycan bir dövlət olaraq haqqın yanında olduğunu əməli ilə sübut edə bilmişdir. İstər humanitar, istərsə də digər sahələrdə göstərilən dəstək nümayişi beynəlxalq aləmdə rəğbətlə qarşılanır. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin təzahürüdür”.

AIA.Az
Geri dön