Ana Sayfa > Gündəm > Xalq diplomatiyamızın layiqli təmsilçisi – professor Arif Quliyev

Xalq diplomatiyamızın layiqli təmsilçisi – professor Arif Quliyev


30-06-2022, 22:14. Yazar: admen
Xalq diplomatiyamızın layiqli təmsilçisi – professor Arif Quliyev

Yer üzündə qlobollaşma prosesi müxtəlif şəkildə davam etdikcə - hər bir xalqın, ölkənin inkişafına xarici ölkələrin də münasibəti daha çox təsir etdikcə, başqa ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların öz vətəni üçün əhəmiyyəti xeyli artır. Bu insanlar ən azından öz davranışları, hərəkətləri, əməlləri ilə təmsil etdikləri ölkə, xalq haqda fikir yaradırlar. Başqa ölkələrdə öz ölkələri barədə daha xoş fikir yaradan insanlar dəyərli insanlardır. Bəzən hansısa bir ölkə başçısının, mühüm siyasi xadimin, diplomatın, jurnalistin, biznesmenin və s. başqa bir ölkəyə münasibətində o ölkənin konkret insanlarının onun yanında həmin ölkə barədə yaratdığı fikirlər mühüm rol oynayır. Hər bir ölkədə başqa ölkənin insanları barədə formalaşmış ictimai rəy beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Ona görə də bizim xarici ölkələrdə öz ağlı, əxlaqı, savadı, əməlləri ilə seçilən, ölkəmizə nüfuz gətirən insanlarımıza olduqca böyük ehtiyacımız vardır. Biz bunu son 30-35 ildə daha aydın hiss elədik. Mənfur qonşularımız, bir sıra qara niyyətli güc mərkəzlərinin fətvası ilə üstümüzə ayaq almağa başlayanda gördük ki, başqa ölkələrdə bizim sözümüzü deyə biləcək doğma insanlara çox böyük ehtiyacımız var. Düşmənin belə insanları çox idi. Onlar bütün beynəlxalq aləmdə səs-səsə verib bizim əleyhimizə mübarizə aparırdılar. Birinci Qarabağ müharibəmizdə məğlub olmağımız, torpaqlarımızın 20 faizini itirməmizin mühüm səbələrindən biri də o zaman xarici ölkələrdə bizim sözümüzü deyən insanlarımızın olduqca az olması idi. Biz bunu aydın hiss etdik. Həm dövlətimiz, həm də ayrı-ayrı vətənpərvər insanlarımız bu sahədə mühüm addımlar atdılar. Bu sahədəki boşluğu doldurmağa başladıq. Müxtəlif səbəblər üzündən başqa ölkələrə köçən vətənpərvər insanlarımız bu sahədə əhəmiyyətli işlər gördü. Belə insanlarımızdan biri də uzun illərdir ki Ukraynada fəaliyyət göstərən görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyevdir.
Hələ gənclik illərindən bir vətənpərvər insan kimi tanıdığım Arif müəllim 1952-ci ildə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. Bakı dövlət Universitetində, Bakı Ali Partiya məktəbində, Ukrayna Prezidenti yanında dövlət idarəcilik Akademyasında təhsil alıb. İndi “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq İnstitutunun professoru, Ukrayna Azərbaycanlıları alimlər şurasının sədridir. Ukrayna (özəl) Elmlər Akademiyasının akademikidir. 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalənin müəllifidir. Arif müəllim Ukrayna siyasətçiləri, hüquqşünasları, müxtəlif sahələri təmsil edən ziyalıları, Ukraynadakı Azərbaycan diasporası arasında böyük nüfuza malikdir. Bu mövqeyi ona ölkəmizəz üçün olduqca əhəmiyyətli işlər görməyə xeyli kömək edir.

Arif müəllimin bütün fəaliyyətində hər zaman Azərbaycan və Ukrayna xalqlarına xas olan xüsusi atmosfer - yüksək mənəviyyat, hadisələrə obyektiv baxış, bir-birinə doğru hörmətlə, enerjili qarşılıqlı əlaqələrin yaranmasına çalışmaq həvəsi hiss olunur. Onunla söhbət etdikcə hiss olunur ki, qəlbi həmişə Azərbaycanın yanındadır, Azərbaycan uğrunda yeni uğurlar gətirəcək geniş fəaliyyətlə məşğul olmaq arzusundadır. Ukrayna xalqının Azərbaycana olan sevgisini isə ifadə etmək üçün ukraynalı filosof, yazıçı, alim, ictimai və siyasi xadim İvan Frankonun bu sətirlərini tez-tez yada salır:

“Azərbaycanlıları sevmək - qürurdur,
Azərbaycanlıları unutmaq - alçaqlıqdır,
Azərbaycanlı olmaq - şərəfdir,
Bu bütün xalqlarda  belə yoxdur”

Arif müəllim Ukrayna və Azərbaycan dövlətləri, xalqları arasında qarşılıqlı hörmət əsasında xoş münasibətlərin yaranması üçün xalq diplomatiyasını ağılla, diplomatiyanın incəliklərini bilən bir insan, bir mütəxəssis kimi uğurla həyata keçirən insanlarımızdan biridir.
Ukraynadakı fəaliyyətinin ilk illərində Ukrayna xalqının ümumilikdə Azərbaycan barədə məlumatlarının heç də arzu olunan səviyyədə olmamasının şahidi olub. Arif müəllim danışırki, hələ 1989-cu ildə ilk dəfə Ukraynaya hərbi kursa göndərildiyi zaman kurs yoldaşlarımla söhbət edərkən mənfur qonşuların haqqımızda nə qədər yanlış məlumatlar formalaşdığının şahidi oldum. Mən də bir fikir yarandı ki, hökmən bu düşmən münasibətin ortadan götürülməsi üçün əlimdən gələni etməliyəm… Orada rəhsil almağa getmək fikri də bu istəyin təsiri altında formalaşıb. 1998 – ci ildən Ukraynada yaşamağa başladığı vaxtdan hələ də bu sahədə problemlərin az olmadığınığını gördü. Sumqayıt hadisələri, vətənimizin tarixi barədə təhriflər geniş yayılmışdı. Ölkəmizdə gedən proseslər barədə böhtanlara inanan insanlar az deyildi. Arif müəllim o zaman Ukraynanın “Політика і культура” (Siyasət və Mədəniyyət) jurnalında  “Millət Atası, nəyə görə Azərbaycan xalqı Hedər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürüb Respublikanı xilas etsin”  adlı məqalə ilə çıxış etdi. Məqalənin önündə bir professorun indiyədək Azərbaycan barədə yanlış məlumata malik olması ilə bağlı etirafı məqaləyə xüsus bir əhəmiyyət vermişdi. Həmin məqalə 2000-ci ilin sentyabr ayında Azərbaycanın “Azərbaycan”, “Bakinskiy  Raboçiy”, “Xalq qəzeti” və b. qəzetlərində də dərc olundu.

Arif müəllimin Ümum milli liderimizlə şəxsi tanışlığı, hətta bir neçə dəfə onun qarşısında çıxış etməsi ona Ukraynada Azərbaycan həqiqətlərini geniş yaymağa daha çox həvəsləndirirdi. Arif müəllim hər zaman böyük minnətdarlıq hissi ilə deyir ki, onun Bakı Ali Partiya Məktəbində oxuması, sonralar “Xalq qəzetinin” Ukraynada müxbiri kimi fəaliyyət göstərməsi və Ukrayna Prezidenti yanında Dövlət idarəçiliyi Akademiyasının dinləyicisi olması, diplomat kimi  fəaliyyət göstərməsi məhz Ulu Öndərimizin köməkliyi, tövsiyyələri hesabına mümkün olub. Arif müəllim hər zaman özünü  böyük Heydər Əliyevin  tələbəsi hesab edir. Ona görə də hər zaman qardaş ölkədə dünyanın bu nəhəng siyasətçisinin, dövlət xadiminin şəxsiyyətinin daha əhatəli tanınması üçün fəaliyyət göstərir.

2003 - cü ildə dahi Heydər Əliyevi onun layiqli davamçısı, sonradan öz yüksək intellekti, siyasəti, diplomatik gedişləri, Ali baş komandan olaraq hərbi fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan İlham Əliyev əvəz etdi. Arif müəllim Ölkəmizdə baş verən prosesləri, Qarabağ həqiqətlərini, yeni prezidentimizin fəaliyətiniun Ukraynada obyektiv baxımdan qiymətləndirilməsini özünün borcu kimi qəbul etdi. Hələ 2003 - cü ildə, İlham Əliyev preizident olmazdan əvvəl onun Ukraynadakı “Siyasət və Mədəniyyət” jurnalında “İlham Əliyev – Azərbaycanın sabahkı lideri? Niyə də yox?!!" məqsədi dərc olundu. Bundan sonrakı illərdə Arif müəllim Ukrayna Azərbaycan əlaqələrinin daha sıx, daha mehriban, dostcasına inkişaf etməsi üçün bir çox layihələrin hazırlanmasında və həyata keçməsində fəal rol oynadı. Azərbaycan həqiqətlərinin, onun yeni, müdrik prezidentinin fəaliyyətinin Ukraynada daha yaxından tanınması üçün geniş fəaliyyət göstərdi.

Vətənimizin işğal olmuş ərazilərinin düşmən caynağından azad olunması yolunda 44 günlük müqəddəs müharibəmizdə Ukraynada müxtəlif təbəqələrdə ölkəmizdə baş verənlər barədə obyektiv məlumat alması, Ukrayna xalqının da bizim yanımızda olması üçün Arif müəllim özünün bütün imkanlarından istifadə etdi.

Professor Arif Quliyevin “Elm və Xalq diplomatiyası” adlı samballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat almaq olar. Onun qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab olan bir fəaliyyətdir.
 
 Rəhbərlik, diplomatik və jurnalist fəaliyyətində mühüm təcrübəsi Arif müəllimə öz elmi-pedaqoji fəaliyyətində, elmi əsərlərinin yazılmasında, mətbuatdakı müsahibələrində, eləcə də həmkarları ilə ünsiyyətində, Ukrayna ilə Azərbaycan Respublikası arasında səmərəli münasibətlərin qurulmasında xeyli kömək edir.

Arif Cəmil oğlu Quliyevin geniş, çoxşaxəli fəaliyyəti həm Ukrayna, Həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. O, “Ukraynanın əməkdar təhsil işçisi” adına (2013), Azərbaycan Respublikası Prezidenti “Tərəqqi” medalına (2016–cı il), "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalına layiq görülmüşdür. Azərbaycanın və Ukraynanın 20 – yə qədər mötəbər təşkilatlarının diplomlarına layiq görülmüşdür.
4 iyul 2022 – ci ildə hörmətli professorumuz Arif Quliyevin 70 yaşı tamam olur. Vətəninə layiqli xidməti ilə şərəfli bir ömür yaşamış Arif müəllimi ürəkdən təbrik edirəm!

Habil Qurbanov,
AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d, professor

Geri dön