Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan şəhərləri dünyaya örnək olacaqdır”

Novruzəli Aslanov: “Azərbaycan şəhərləri dünyaya örnək olacaqdır”


30-06-2022, 12:02. Yazar: admen
Novruzəli Aslanov: “Azərbaycan şəhərləri dünyaya örnək olacaqdır”

“Bu gün Azərbaycanda dayanıqlı urbanizasiya, şəhərsalmanın inkişafı yüksələn xətlə inkişaf edir.Bu məqsədlə “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” proqramı çərçivəsində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Noruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.
Cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışında cənab prezident İlham Əliyev bu sahədə görülən işlər, qarşıda duran vəzifələr, dayanıqlı inkişaf üçün strateji planlaşdırmadan söhbət açaraq hazırda ölkəmizdə gedən proseslər haqqında ətraflı məlumat verdi. Qeyd edildi ki, dünyanın bir çox ölkəsindən fərqli olaraq Azərbaycan postmüharibə dövrünü yaşayır və Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuşdur.
Yalnız keçmişlə yaşamaq olmaz. İndi regiona dayanıqlı sülh lazımdır. Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipini əsas götürür. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.Təəssüf ki Ermənistanda olan revanşist qüvvələr hələ də münaqişənin davam etməsini arzu edir, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər.
Bütün çətinliklərə, ərazilərin başdan-başa minalarla dolu olmasına baxmayaraq, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad olunmuş bəzi şəhərlərin yeni baş planı hazırlanaraq təsdiq edilmişdir.”

Millət vəkili qeyd etmişdir ki, Füzulidə beynəlxalq hava limanı istifadəyə verilib, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Bu da gələcəkdə bölgə üçün nəqliyyat imkanlarını çenişləndirəcək, insanların rahatlığı üçün mühüm amil olacaqdır.
Şəhərsalmaya gəlincə proqrama görə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması, Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi əsasında qurulur.Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Cənab Prezidentin qeyd etdiyi kimi “Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır”
Millət vəkili son olaraq bildirmişdir ki, “nəhəng tikinti meydançasını xatırladan Qarabağ bölgəsində həyatın yenidən dirçəlməsi, yeni infrastruktur layihələrinin reallaşması fonunda dünyanın seyrçi qalması da diqqətdən yayınmamalıdır. Bütün bu işlər Azərbaycanın öz hesabına həyata keçirilib. Lakin biz bu işdən yorulub usanası deyilik. Əzəli torpaqlarımızın, ata-baba yurdlarımızın müasir dünya standartlarına uyğun qurulması yönündə işimiz davam edir və edəcək. Müzəffər Ali Baş Komandan bu gün də quruculuq işlərinə komandanlıq edir və bu da onu göstərir ki, Azərbaycan bu məsələdə də öz sözünü deyəcək, dünyaya örnək olacaq şəhərlərimiz bir daha xalqımızın qüdrətini, əzmini hiss etdirəcəkdir”.

AİA.Az
Geri dön