Ana Sayfa > Parlament > Azərbaycan xalqı qurub-yaradan xalqdır

Azərbaycan xalqı qurub-yaradan xalqdır


30-06-2022, 11:45. Yazar: sevinc1
Azərbaycan xalqı qurub-yaradan xalqdır


Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu və ədaləti bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil.

Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız xalq qarşısında, Vətən qarşısında canlarından keçmişlər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən bu gənclər bu tarixi hadisəni, bu tarixi müjdəni Azərbaycan xalqına öz canları və qanları hesabına bəxş etmişlər.
Həmin zamanlarda həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Və dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı.

Indi əsas məqsədimiz həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, həm də beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdir və hər iki istiqamət üzrə işlər həyata keçirilir və bütün bunlar gözlərimizin qarşısında baş verir.

Həmçinin ölkəmizdə şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. Ümumiyyətlə, burada belə bir məsələ qoyulmuşdur ki, həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın.

Azərbaycan xalqı tamamilə dağılmış on min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellərin çəkilməsi və sair bu kimi işlər həyata keçirilir.

Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz!

Ölkə rəhbərimiz çıxışlarının birində söyləmişdir ki, bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa edirik. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra.

Qoy həmişə müdrik xalqımızın şanlı üçrəngli bayrağı bayraqlar arasında yüksəklərdə dalğalansın! Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Bizim dövlətimiz qalib dövlət kimi yaşayıb-yaratmağa davam edəcək.


Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi
aia.az

Geri dön