Ana Sayfa > Siyasət > Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür


30-06-2022, 11:40. Yazar: sevinc1
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür

Kəlbəcəri təkcə Qarabağın deyil, Azərbaycanın xəzinəsi adlandırsaq, qətiyyən yanılmarıq. Bu qədim yurdumuz yeraltı və yerüstü təbii sərvətləri, mineral bulaqları, əvəzsiz fauna və florası ilə zəngindir. Füsunkar gözəlliyi, atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın qala qapısı, zümrüd qaşı olan unikal Kəlbəcər ulu tarixə malikdir. Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soyda¬şımız məcburi köçkünə çevrilmişdi.

İllərdir tor¬paqlarımızı işğal altında saxlayan erməni vandalla¬rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.

Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan belə daxil olub.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür. Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yolunun tikintisi sürətlə aparılır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilir. Ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb. Prezident cənab İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfəri zamanı “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etmişdir: “Biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik.”

Prezident cənab İlham Əliyev eyni zamanda, "İstisu" sanatoriyasının dağıntılarına işarə edərək xatırladıb ki, keçən il bu dağıntılarla tanış olandan sonra "İstisu" qəsəbəsində yeni mehmanxananın inşasına və müalicə mərkəzinin yaradılmasına göstəriş verib: "Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.

Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Əminik ki, cənab Prezidentimizin qətiyyətli siyasəti ilə işğaldan azad olunan Kəlbəcər də dirçələcək, o torpaqlara da həyat qayıdacaq.


Sərvəddin Cəfərov,
Salyan bələdiyyəsinin sədri
aia.az

Geri dön