Ana Sayfa > Gündəm > Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir


30-06-2022, 11:35. Yazar: admen
Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Böyük Qayıdış ərəfəsindədir. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır
İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Prezident İlham Əliyev Bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olacağını, bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulacağını bildirib.
Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib.
Müharibədən cəmi 9 ay sonra isə Füzulidə  beynəlxalq hava limanının istifadəyə verildi. Bu hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin bir daha  təsdiqidir.  Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradılmasında əhəmiyyətli rol oynayır. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Həmçinin ötən il Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik tunelin inşasına başlanmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
İşğaldan azad edilən Şuşamızda da  böyük işlər həyata keçirilir və bu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülmüşdür. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapmışdır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq 1-ci məhəllənin təməli qoyulub. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.
Hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Azad edilmiş bütün torpaqlar bərpa olunacaq. Qarabağ Azərbaycandır!

Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Geri dön