Ana Sayfa > Ölkə > Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir


30-06-2022, 11:20. Yazar: admen
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir

2020-ci ildə Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi zəfər ölkəmizin regionun lider dövləti olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı-Qarabağı mənfur erməni işğalından azad etdi. Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdikcə həm də bütün dünya bu ərazilərdə erməni vəhşiliyinin şahidi oldu. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olmuş, şəhər və kəndlərimiz viran qoyulmuş, təbii sərvətlərimiz vəhşicəsinə talan edilmiş, təbiətə külli miqdarda ziyan vurulmuşdur. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan erməni faşistləri xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir etmiş, bu əraziləri tamamilə xarabalıqlara çevirmişdilər. Bu da erməni faşistlərinin mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik şəxslər olduğunun göstəricisidir.

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. Qarabağ yenidən qurulur və əvvəlki şöhrətinin bərpa olunması üçün layihələr həyata keçirilir. Hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Bütün layihələr plan əsasında həyata keçirilir və ilk olaraq yol infrastrukturunun qurulmasına başlanılmışdır. Artıq Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur.
“Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Bölgənin “yaşıl enerji” zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər deyilənləri təsdiqləyir. İlk olaraq təməli qoyulan yaşayış massivinin də məhz “ağıllı kənd” konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçiriləcəyindən xəbər verir. Prezident cənab İlham Əliyevin Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışında qeyd etmişdir: “Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.”
Məlum olduğu kimi, Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var”.  Bunu ölkə başçısı cənab İlham Əliyev hələ 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə bildirmişdi. Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, resurslardan səmərəli istifadə hökumətin prioritetlərindəndir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılıb.
Prezident cənab İlham Əliyev Qarabağın dirçəlməsi strategiyasının reallaşdırılması istiqamətində insan amilinə, insanların layiqli həyat səviyyəsinin təminatı prinsipinə sadiqliyini də nümayiş etdirir. Yaşayış üçün şəraitin yaradılması, evlərin tikilməsi sonuncu mərhələ kimi müəyyənləşdirilsə də, vətəndaş prosesinin gecikə biləcəyi ilə heç bir narahatlıq keçirmir. Hər bir kəs bunu Cocuq Mərcanlının qısa müddətdə tikilib-qurulması təcrübəsindən də yaxşı bilir. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim

Geri dön