Ana Sayfa > Media > Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq dərinləşməkdədir.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq dərinləşməkdədir.


29-06-2022, 18:54. Yazar: admen
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq dərinləşməkdədir.

Məlum olduğu kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”. 

Bu günləri biz aydın şəkildə görürük ki, Ulu Öndər tərəfindən təməli qoyulan xarici siyasət dövlət başçısı İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Cari ilin 21 iyun tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri, görüş nəticəsində əldə olunan hərbi-texniki əməkdaşlıq, iqtisadi qarşılıqlı fəaliyyət, biznes və regional səviyyədə əməkdaşlıq, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika ümumiyyətlə aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani sübutu, ölkəmizin beynəlxalq arenada növbəti uğurudur. Bu səfərdə müzakirə edilən məsələlər arasında həm də regionda sülh və sabitliyin qorunub saxlanılması və bunun üçün  hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək.

Bütövlükdə hər iki ölkənin münasibətlərinin tarixi köklərinə nəzər salsaq bir neçə əsr keçmişə qayıtmalıyıq. Azərbaycan və Özbək xalqlarını yaxın milli adət və ənənələr, eyni etnik kök, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Bunun bariz nümunəsi, görkəmli özbək mütəfəkkiri Əlişir Nəvainin öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almasıdır. Azərbaycan və Özbəkistanı birləşdirən digər məqam 70 il ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar və Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. 

İki qardaş türk dövləti arasında ikitərəfli münasibətlərin inkişafında ölkə başçılarının səfərləri xüsusi önəm daşıyır. Bu yöndən, Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.  Dahi şəxsiyyət Heydər Əliyevin özbək xalqı tərəfindən sayılıb seçilməsi, onun bir lider kimi bütün dünyada və əsasəndə türk dövləti arasında mövcud olan nüfuzunun sübutu kimi Daşkəndin mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması hər bir Azərbaycanlı üçün qürurvericidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyev haqqında fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. Onun Şərəf Rəşidov və İslam Kərimovla dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı qardaş ölkənin paytaxtı  Daşkəndin mərkəzində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanda dediyi sözlər əslində hər bir azərbaycanlının qəlbindən keçən fikirlər idi. Natiq çıxışı zamanı onu da vurğulayıb ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanın yanında olub. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Qardaş Özbəkistan bizim haqq savaşımızda ədalətli mövqeyimizi dəstəkləmişdir. Özbəkistanın ərazi bütövlüyümüzlə bağlı məsələlərdə beynəlxalq təşkilatlar qarşısında mövqeyi də hər zaman birmənalı olub. Türk dövlətlərinin belə bir birliklə bir-birinə dəstək olması sübhəsiz ki, beynəlxalq ictimaiyyətin mövqeyinə təsir göstərə bilir. Bu birlik özlüyündə dünyada yeni bir güc mərkəzi formalaşdırır. Bu, da öz növbəsində ölkələrimi arasında münasibətlərin tarixində unudulmaz hadisədir. Bir vacib məqamada toxunaq ki, görüş zamanı Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. 
Qeyd edək ki, səfər zamanı iki qardaş ölkə arasında 20-yə yaxın sənədin imzalanması hər iki tərəfin strateji müttəfiqliyinin əlamətidir. Görüş zamanı imzalanmış sənədlər ölkələr arasındakı münasibətləri yeni müstəviyə, inkişaf mərhələsinə gətirib çıxaracaqdır.

Ən əsası, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması gələcək fəaliyyətin yol xəritəsidir. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıq, ölkəmizin bölgədə əsas söz sahibi olması və Azəbaycanın bir çox ölkələr üçün  karbohidrogen, enerji daşıyıcılarına tələbatın ödənilməsində tutduğu mövqe, alternativ tranzit yollara yaranan təlabat və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını şərtləndirir. Bu rakursdan baxsaq iki qardaş dövlət arasında strateji tərəfdaşlığın, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi yönündə imzalanmış bəyannamə qlobal xarakter daşıyır. 

İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya
qəsəbə ərazi partiya təşkilatının sədr müavini

Geri dön