Ana Sayfa > Seçki 2024 > Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometrlik ərazidə yeni həyat qurur

Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometrlik ərazidə yeni həyat qurur


29-06-2022, 18:04. Yazar: admen
Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometrlik ərazidə yeni həyat qurur

Azərbaycanın Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduğu gündən cəmi ilyarım müddət keçib. Lakin bu müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həqiqətən də möhtəşəm işlər görülüb. Bu gün Azərbaycan həmin ərazilərində apardığı yenidənqurma işlərində ən müasir konsepsiyaları, o cümlədən “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edərək möhtəşəm nəticələr əldə edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu bölgələrə etdiyi mütəmadi səfərlər də görülən işlərin birbaşa dövlət başçısının nəzarətində və diqqət mərkəzində saxlandığından xəbər verir. Möhtərəm Prezidentimizin hər belə səfəri həm də çoxsaylı təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur ki, bu işlərin yüksək sürətlə həyata keçirilməsinin bir göstəricisidir.

Bu baxımdan Prezident İlham Əliyevin iyunun 26-27-də Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi növbəti səfəri də istisna olmayıb. Səfər çərçivəsində dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında gedən işlərlə tanış olub. Həmçinin Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısı Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib.

İyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev məxsusi olaraq İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımların atıldığını vurğulayıb. Əlbəttə ki, vaxtilə çox məşhur olan İstisu mineral-müalicəvi suyunun yenidən istehsal olunması prinsipial məsələdir və son dərəcə səmərəli iqtisadi layihədir. Məlumdur ki, iqlimi və təbii relyefi nəzərə alınmaqla Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Lakin bu çətinliklər Azərbaycan xalqını ruhdan sala biməz. Hazırda Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır və bu istiqamətdə işlər tam sürətlə aparılır. Artıq keçən il bölgədə 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə daha 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.

Əlbəttə ki, bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün müasir yol-nəqliyyat infrastukturunun yaradılması ilkin zəruri şərtdir. Əbəs yerə deyil ki, Ölkə Prezidenti məhz bu istiqaməti prioritet olaraq xüsusi diqqətdə saxlayır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında yollar davamlı olaraq çəkilir və hazırda 10-dan çox tunel inşa edilir. Öz çıxışında dövlətimizin başçısı bildirdi ki, Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcər şəhərinin Baş planı isə təbiətlə harmoniyanı özündə ehtiva edir.

Laçın rayonunda həyata keçirilən ən maraqlı layihələrdən biri isə yeni hava limanının inşasıdır. Bu layihənin mürəkkəbliyi ondadır ki, Laçın və Kəlbəcər rayonları əsasən dağlıq relyefə malikdirlər. Buna görə də aeroportun uçuş-enmə zolağının yaradılması üçün dağlar yarılır. Laçın Beynəlxalq Hava Limanının açılışı 2024-cü ildə nəzərdə tutulub. Təbii ki, bu layihə bütün bölgənin və xüsusilə regionda turizm sahəsinin inkişafına böyük töhfələr verəcək.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı qurub-yaradan xalqdır və bu gün xalqımız tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Azərbaycan xalqının 30 il bundan əvvəl zorla əlindən alınmış bu əzəli haqqını Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında müasir texnologiyaların tətbiqi ilə apardığı Vətən müharibəsini tarixi Zəfərlə başa vurmaqla geri qaytardı. Məhz həmin Qələbə sayəsində bu gün Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi məqsədilə bütün dünyanı heyran qoyan möhtəşəm layihələr həyata keçirməkdədir.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri

Geri dön