Ana Sayfa > Manşet / Siyasət > Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək

Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək


28-06-2022, 17:43. Yazar: sevinc1
Ermənistanla sərhəddə  mövqelərimiz daha da möhkəmlənəcək

Müharibə başa çatsa da ordu quruculuğu prosesi daha geniş şəkildə davam edir. Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələr günündə Kəlbəcər və Laçına səfər etməsi, komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirakı siyasi və hərbi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir. Bütün sərhədlərdə hərbi hissələrin yaradılması, qısa müddətdə onların tam döyüş qabiliyyətli səviyyəyə çatdırılması Azərbaycanın gücünün nümayişidir. Müharibədən ötən ilyarım ərzində ordumuz daha da güclənib, ən müasir silahlarla təchiz edilib, bu gün biz sərhəd boyunca bütün əlverişli mövqelərə sahibik.

Məlumdur ki, birinci komando hərbi hissəsi ötən ilin sonunda strateji əhəmiyyət daşıyan Hadrutda istifadəyə verilib. Kəlbəcər də strateji baxımdan olduqca əhəmiyyətli bölgədir. Bundan sonra da yeni komando hərbi hissələrinin açılması nəzərdə tutulur və təbii ki, bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Dövlət başçımızın da söyldəyi kimi, bu, bizim gücümüzü daha da artıracaq.

Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək. Vətən müharibəsindəki acınacaqlı məğlubiyyət Yerevan üçün dərs olmalıdır. Revanşistlər anlamalıdır ki, təxribatlar nəticə verməyəcək. “Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir” deyən dövlət başçımız bir daha bəyan etdi ki, biz müharibə yox, maraqlarımızın təmin olunmasını istəyirik. Bu maraqların təmin olunması isə təbii ki, ilk növbədə Azərbaycanın yaratdığı yeni reallıqların qəbul olunmasıdır. Bir halda ki, beynəlxalq ictimaiyyət postmüharibə reallıqlarını qəbul edib və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar, təbii ki, Ermənistan da bu reallığı qəbul etməyə məcburdur.

Səfər zamanı dövlət başçımız bir çox infrastruktur obyektlərinin açılışında da iştirak etdi. İşğaldan azad olunmuş ərazilərimizdə yeni su anbarlarının inşası həmin regionda kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Laçında inşa olunan beynəlxalq hava limanı isə çətin relyefə malik dağlıq ərazidə unikal layihə kimi tarixə düşüb. Bu hava limanının Şuşaya 70 kilometrlik məsafədə yerləşməsi isə onun strateji əhəmiyyətini daha da artırır. Limanın tikintisi bölgəyə beynəlxalq marağın artmasına, eləcə də sərnişin və yükdaşımaların asanlaşdırılmasına səbəb olacaq.

Kəlbəcərdə məşhur İstisu sanatoriyasının bərpası isə regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulduğunu göstərir.

Görünən budur ki, Azərbaycanın güclü liderə, güclü iqtisadiyyata, müasir və güclü orduya malik olması bərpa işlərinin sürətlə həyata keçirilməsi, sərhədlərimizin etibarlı qorunması və ölkəmizin maraqlarının müdafiəsində mühüm rol oynayır.

Könül Nurullayeva,
Milli Məclisin deputatı
aia.az

Geri dön