Ana Sayfa > Ölkə > Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi


24-06-2022, 10:00. Yazar: admen
Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

Müstəqillik sözün əsil mənasında hər bir millətin ən çox arzusunda olduğu, nail olmaq istədiyi, lakin heç də bütün millətlərə nəsib olmayan ən ali siyasi-hüquqi dəyərdir. Tarixdən məlumdur ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu əbədi, dönməz, sarsılmaz etmək də bir o qədər çətin və mürəkkəb məsələdir. Elə müstəqilliklə bağlı xalqımızın tarixən yaşadığı hadisələr də buna ən böyük nümunədir. Çar Rusiyasının dağılması nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini dünyaya bəyan etsə də, ovaxtkı hakimiyyət bu müstəqilliyi qoruyub saxlaya bilməmişdi.

Qeyd edək ki, SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız müstəqilliyini yenidən bərpa etsə də, həmin vaxt xaos, anarxiya, ölkədə vətəndaş müharibəsi, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi ilə səciyyələnirdi. Ərazi bütövlüyümüz pozulmuşdu, ölkə iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC–Müsavat iqtidarının səriştəsizliyi, ölkədə hökm sürən özbaşınalıq, siyasi hərc-mərclik bizi yenicə bərpa etdiyimiz müstəqilliyin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Yeri gəlmişkən, xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində–xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə qayıdışından sonra bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu. Azərbaycan, sözün əsil mənasında, müstəqil dövlətə çevrildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən ulu öndər Heydər Əliyev də bu məsuliyyəti olduqca gözəl ifadə etmişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq xalqın iradəsinin tam qələbəsi demək idi, bununla ölkəmizdə Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu.

“Ulu öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın gələcək inkişafının strateji hədəflərini müəyyənləşdirdi və ölkəmiz demokratik-hüquqi dövlət quruculuğu yoluna əzmlə qədəm qoydu. Öz millətini sevən və onun müstəqilliyini bərpa edəcəyinə hər zaman inanan ümummilli lider respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görmüş, mövcud imkanlardan ən yüksək səviyyədə bacarıqla istifadə etmiş, ən əsası isə hər bir azərbaycanlının qəlbində illərdən bəri sönməyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün respublikada sağlam mühit formalaşdırmışdı. Məhz bunun nəticəsidir ki, xalqın Heydər Əliyevə olan inamı, sevgisi və dayağı möhkəm və sarsılmaz idi. Çünki xalq artıq ulu öndərin liderlik keyfiyyətlərinin, onun müdrikliyinin, həlledici anlarda məsuliyyətli və cəsarətli addımlar atmaq bacarığının şahidi olmuşdu. Hakimiyyətə qayıtdığı ilk günlərdən həm millətin, həm də dövlətin xilaskarı missiyasını yerinə yetirməyə başlayan ulu öndər milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirdi. Seperatçılıq meyillərinin baş qaldırdığı həmin dövr Azərbaycanda bu, həm ən mühüm, həm də öhdəsindən gəlmək olduqca mürəkkəb olan bir məsələ idi. Söhbət təkcə dil, din, adət-ənənələrin, mədəni, mənəvi dəyərlərin qorunub saxlanılmasından getmir. Bu dəyərləri bütün ölkə miqyasında birləşdirməklə ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirən Heydər Əliyev “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” ideologiyasını həyata keçirmiş oldu. Qeyd edək ki, bu gün torpaqlarını düşmən işğalından azad edərək özünün ən qüdrətli, istiqrarlı dövrünü yaşayan Azərbaycanın istənilən sahədə inkişafının təməlində məhz ulu öndərin qayıdışı və onun xalqımız, dövlətimiz üçün etdiyi xidmətlər dayanır.

30 ilə yaxın davam edən bir problemə, işğala 44 gün ərzində son qoyuldu. Bu, Ulu Öndərin bizə miras qoyduğu güclü, sabit, demokratik, hüquqi və ən əsası müstəqil dövlətçilik təməllərimiz sayəsində oldu. Ulu öndərin hakimiyyətə qayıdışından sonra, ilk öncə, ölkədə sabitliyə, vətəndaş həmrəyliyinə nail olunması, demokratik islahatlara start verilməsi, ölkədə demokratik idarəetmə sisteminin formalaşdırılması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması, uğurlu iqtisadi siyasət, “Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın ən uğurlu şəkildə dünya birliyinə inteqrasiyasının təmin edilməsi, başda qardaş Türkiyə Respublikası olmaqla dünya dövlətləri və dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə çoxşaxəli qarşılıqlı əlaqələrin qurulması, bunun fonunda siyasi çəkimizin artması, ordu quruculuğu prosesinin sürətlənməsi, xalq-iqtidar birliyinin möhkəmlənməsi – bütün bunların hamısı biri-biri ilə sıx bağlı olan və sadalamaqla bitməyən dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında gördüyü xidmətlərdir. Ulu öndərin təməlini qoyduğu xalq–iqtidar–ordu birliyi və onun yetişdirdiyi, “ona özüm qədər inanıram” dediyi, layiqli varis, davamçı Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi əvəzsiz rolu Zəfəri xalqımıza qazandıran ən mühüm amillərdəndir.

Bəhruz İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə “Göygöl Şərab Zavodu”
Açıq Səhimdar Cəmiyyəti ərazi partiya təşkilatının sədri

Geri dön