Ana Sayfa > Media > ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib

ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib


23-06-2022, 11:43. Yazar: admen
ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib

İyunun 16-da Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələlərin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi ilə diqqət mərkəzindədir. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər barədə səmərəli müzakirələr aparılıb. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev aparılacaq müzakirələr və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyini bildirmişdir.

Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Bu gün təhlükəsizlik məsələləri beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib və Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Çünki, dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik. Böhranla mübarizədə də aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır.

Dövlət başçısı İlham Əliyev həmin nitqində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərək bildirdi ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Azərbaycanın dövlət başçısı Forumda bu çağırışı da etdi ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü. Atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.

Bəli, Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olundu. Amma Ermənistan tərəfinin hələ də sülh sazişinin imzalanmasında passiv mövqedə dayanmaqda maraqlı olduğu diqqətdən kənarda qalmır. Real olan budur ki, işğalçı dövlət yenə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpasında maraqlıdır. Dövlət başçısı İlham Əliyev bir daha Forum iştirakçılarının diqqətinə çatdırdı ki, ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur.

Dövlətimizin başçısı eyni zamanda bildirdi ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Prezident İlham Əliyev Ermənistan hökumətini tarixi yenidən yazmaq cəhdlərindən çəkinməyə çağırıb. O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsi tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Prezident İlham Əliyev Dağlıq Qarabağın artıq mövcud olmadığını, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan ərazisində belə bir inzibati struktur yoxdur və bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq.
Bəli, Ermənistana son şans verilir. Artıq işğalçı Ermənistan və onun havadarları postmünaqişə dövrünün reallıqlarını qəbul etməlidirlər.

Şövqi Həsənov
YAP Şəmkir rayon Təşkilatının Məsləhətçisi

Geri dön