Ana Sayfa > Gündəm > Vətəndaş Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Vətəndaş Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ21-06-2022, 15:35. Yazar: sevinc1 |
Bakıya çatıb redaksiyaya girəcəyim vaxtı gözləməyə səbrim yetmədi. Öz-özümə dedim ki, gərək başıma gələn bu kiçik macəranı dərhal dostlarımla bölüşüm və onlardan da xahiş edim ki, danışdıqlarımı hərə öz saytında dərc etsin. Hadisə belə olub. Bu gün səhər saatlarında Gəncədən özümün idarə etdiyim 99 RG 965 dövlət nömrə nişanlı, “Mercedes”-C markalı şəxsi avtomobilimdə çıxaraq Bakı istiqamətində hərəkətə başladım. Təxminən saat 10:30 radələrində yolun 250 km-də idim. O tərəflərə bələd olanlar bilirlər, həmin yola Hacıqabulun “çöl yolu” da deyirlər. Elə təzəcə Şirvan körpüsünə çıxmışdım ki, avtomobildə nasazlıq yarandı. İndikatordan başa düşdüm ki, mühərrikin yağı azalıb. Düz körpünün ortasında maşın dayandı, mən də aşağı enərək yol ilə gedən avtomobillərə əlimdəki boş yağqabı ilə başladım işarələr verməyə. Heç kimi də qınaya bilmərəm, amma bir müddət durmağıma baxmayaraq maşın saxlayan olmadı... Nəhayət bir avtomobil mənim maşınımı keçib saxladı. DYP-nin xidməti patrul maşını idi. Avtomobildən gənc bir polis əməkdaşı düşərək mənə yaxınlaşdı. Nə baş verdiyi ilə maraqlandı. Biləndə ki, mühərrikin yağı azalıb, məni idarə etdiyi maşına dəvət etdi. Birlikdə gedib yağ alıb, qayıtdıq. Amma bununla da iş bitmədi. Bilmirəm problem nədə idi, amma mühərrik yağı əlavə etdikdən sonra da işə düşmədi. Bu dəfə gənc DYP əməkdaşı artıq ikinci dəfə şəhərə maşın sürərək, geriyə evakuatorla qayıtdı. Mənim maşınımı həmin evakuator yükləyib texniki xidmət müəssisəsinə gətirdik. Yalnız bunda sonra gənc polis mənimlə sağollaşıb bizdən ayrıldı. Sadəcə adını öyrənə bildim – Anar. Hə bir də xidməti jetonunun nömrəsini yadda saxladım – 0696. Bilmirəm, mənə elə gəlir ki, belə xeyirxahlıqları təbliğ etmək, onlar barədə demək, danışmaq lazımdır. Axı yaxşılıq da pislik kimidir, haqqında nə qədər çox danışarsan bir o qədər artar. Həm də Anara dərin təşəkkür borcumu ən azından bu cür ödəmək istədim. Amma minnətdarlığım bununla bitmir. Çünki bu gün mənə yardım edən gənc DYP əməkdaşı tək deyil və o, böyük bir dövlət qurumunun minlərlə əməkdaşından biridir. Buna görə də mən ilk növbədə 2019-cu ildən həmin quruma, Daxili İşlər Nazirliyinə uğurla rəhbərlik edən cənab general-polkovnik Vilayət Eyvazova, eləcə də DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova belə bir şəxsi heyət formalaşdırdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, şəxsi heyətin bilavasitə xidməti vəzifələrinin icrasına görə məsuliyyət daşıyan komandir heyətinin bu işdə əməyini qətiyyən unutmaq olmaz. Buna görə də mən həmçinin alay komandiri Fuad Mailova dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, hər birinizə bu çətin və məsuliyyətli, eyni zamanda da şərəfli işinizdə böyük uğurlar diləyirəm. Hörmətlə, Qoşqar Haqverdiyev Geri dön |