Ana Sayfa > Şou-biznes > BRİLLİANT SƏSLİ SƏNƏTKAR – Onu xalqımıza sevdirən nədir…

BRİLLİANT SƏSLİ SƏNƏTKAR – Onu xalqımıza sevdirən nədir…


20-06-2022, 09:44. Yazar: sevinc1
BRİLLİANT SƏSLİ SƏNƏTKAR – Onu xalqımıza sevdirən nədir…

Dəyərli oxucularımıza Dadaşovlar soyadı tanışdır: Məlik Dadaşov, Salman Dadaşov, Süleyman Dadaşov, Rəfael Dadaşov. Ancaq bu günki yazımın qəhrəmanı Dadaşovların layiqli davamçısı, səhnəmizin parlaq ulduzu, Respublikanın Xalq artisti Brilliant xanım Dadaşovadır.

Bildiyiniz kimi, Brillant xanım səksəninci illərin əvvəlində səhnəmizə qədəm qoydu və gəlişi ilə estradamıza bir yenilik gətirdi. Bununla, özünü qısa müddətdə tamaşaçılara sevdirdi. O vaxt cəmi bir televiziya vardı və indiki kimi hər kəsi televiziyaya buraxmırdılar. Ancaq onun mahnılarına tələbat vardı və bu mahnıları dinləməkdən ötrü gözlər hər zaman ana televiziyaya dikilirdi. Kövrək, qulağa xoş gələn məlahətli səsin sahibi Brilliant xanım Dadaşova oxuduğu nəğmələrlə milyonların sevgisini qazandı. O, yeni-yeni nəğmələr yazdırır, sevənlərini tez-tez konsertləriylə sevindirirdi. Dövrün böyük bəstəkarları ilə çalışan Brillant xanım yüksək səhnə performansı, şarmlı, zövqlü olmağı ilə özünün əsl səs məktəbini yarada bildi. Onlarla, bəlkə də yüzlərlə gənc səhnəyə qədəm qoyarkən Brilliant xanıma bənzəməyə, onun kimi oxumağa başladılar. Bəziləri bunu dansalar da, amma aydın idi ki, Brilliant xanımın səsini təqlid edirlər.

Ümumiyyətlə, Brilliant xanım dinləyicisini oxuduğu nəğmələrlə düşündürür. O ifalarda hər kəs özünü görür. Kimi keçmişini, kimi dünənini...

Brilliant xanımın ifaları insana qol-qanad, ruh, həyat verir. Necə ki, nəğmələrinin birində oxuyur: “Arzu ümiddi, qanaddı, arzu həyatdı”.

Brilliant Dadaşova hər zaman gündəmdə olan sənətkarımızdır. Hələ səksəninci illərdə oxuduğu nəğmələr bu gün də dəbdədir, gənclərin ifasında səslənir. Məsələn, səksəninci illərin sonunda Brilliant xanımın oxuduğu “Qatarlar” mahnısı hələ də gənc istedadlı müğənnilərimizin repertuarını bəzəməkdədir.

Ötür qatarlar, ötür,

Ötür yenə ötəcək.

Qatarların birində,

Məhəbbətim gələcək.

Həqiqətən də çox qatarlar ötüb və yenə ötəcək. Hər bir qatarda Brilliant xanıma sonsuz xalq sevgisi, tamaşaçı məhəbbəti var.

Qeyd edək ki, Brilliant Dadaşova uşaqlıqdan musiqiyə meylli olub. Anası Qızxanım xanım da dövrün məşhur qarmon çalanı olub. Brillant xanımın ortancıl bacısı, istedadlı sənətçimiz Lalə xanım müsahibələrin birində deyirdi: “Anam o vaxt virtuoz müğənnilərlə, musiqiçilərlə çalışırdı. Hətta bəstəkar Ələkbər Tağıyev “Arzu qızım” mahnısını təzə bəstələmişdi, Zeynəb xanım Xanlarova evimizdə anamla məşq edib oxuyurdular. O vaxt anam o mahnıya əlavələr də etdi. Sonra da o mahnı anamın əlavələri ilə oxundu”.

Brilliant xanımın böyük bacısı Sədaqət xanımın da çox gözəl səsi olub. O, Vaqif Mustafazadənin yaratdığı “Sevil” vokal qrupunda fəaliyyət göstərib. Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” tamaşasında Sədaqət xanımın dilindən çıxan "Kazım bay-bay istəmirsən" frazası dillər əzbəridir.

Oxucularımıza onu da xatırladım ki, Sədaqət xanım ölməz sənətkarımız, Xalq artisti Rəfael Dadaşovun həyat yoldaşı olub. Qızı Səidə xanım da istedadlı müğənnidir. Digər bacısı İradə xanım isə hind mahnılarının mahir ifaçısıdır. Qızı Nigar xanımın da çox gözəl səsi var.

Mövzudan kənara çıxmayım. Fransız yazıçısı Viktor Hüqonun belə bir fikri var: “Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir”. Bu fikri dəyərli sənətkarımız Brilliant xanıma da aid etmək olar. Brilliant xanımın da populyarlığı erkən yaşlarından başladı. Könüllərdə özünün Brilliant Dadaşova zirvəsini ucaltdı. Çünki o, musiqiyə əsl sənət mənbəyi kimi baxır, ürəyinin hökmüylə yüz ölçüb, bir biçir və addımlar atır. Necə ki, Holley deyirdi: "Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir". Bu fikirləri eynilə sənətkarımız Brillant xanıma şamil etmək olar. O, incəsənəti, musiqini çox gözəl bildiyindən musiqini həm çox gözəl hiss edir, həm də çox gözəl başa düşür. Əlbəttə, bu isə hər kəsə şamil olunan nəsnə deyil.

Brilliant Dadaşova musiqi karyerasına 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başladı. 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. Səhnəyə gəlişiylə də çoxlu uğurlar, nailiyyətlər əldə etdi. Təbii ki, öz gərgin zəhmətinin, alın tərininin hesabına.

Brilliant xanıma populyarlıq qazandıran, şan-şöhrət gətirən mahnılarından biri də Akif İslamzadə ilə oxuduğu, musiqisi Cavanşir Quliyevə aid olan "Hər şey gözəldir həyatda" mahnısıdır. Sənətkarlar bu mahnını 1986-ci ildə lentə aldırıblar. Həmin ildə də Brilliant Dadaşovanın eyniadlı musiqi albomu işıq üzü görüb. Özünün də etiraf etdiyi kimi, Brilliant xanımı xalqa tanıdan Akif İslamzadə olub. O illəri xatırlayaraq danışır: “İlk dəfə məni görkəmli musiqiçi Rafiq Babayevlə məhz Akif İslamzadə tanış etmişdi. Yəni o deyirdi ki, sənin səsini bütün Azərbaycan eşitməlidir. Akif İslamzadə ilə, Rafiq Babayev məni inandırdılar ki, səsinlə yeni çalarlar, yeni üslub gətirirsən, yeni məktəb yaradırsan”.

Brilliant xanım əsl sənətkarla əsl sənəti təbiətlə müqayisə edir. Çox maraqlı, qeyri-adi yanaşmadır. Görkəmli sənətkarımız deyir ki, “baxın, qartal da göylərdə tək uçur, amma ətrafında nə qədər qarğalar, quzğunlar var, sayı-hesabı yoxdur”. Biz də təbiətin bir qismiyik, bir parçasıyıq, əslinə baxsaq. Müqayisə üçün götürək heyvanlar aləmini. Bülbül oxuyar, cəhcəh vurar, qarğa isə qarıldayar. İnsan da belədir, xasiyyətinə uyğun tərzdə özünü aparır.

Brilliant xanım 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. Bütün nailiyyətlərə baxmayaraq, onun sənət yolu keşməkeşlərlə doludur. Ermənilərin 1988-ci ildə Topxana meşəsində törətdiyi hadisələrdən sonra etiraz olaraq müğənni sözləri dahi şairimiz Dəmir Gədəbəylinin, musiqisi Gülər Həsənlinin "Haydı, ər igidlər" mahnısını ifa edir. Buna baxmayaraq, bu cəsarətli addımından sonra o, ciddi töhmət alır.

1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnısı məşhur müğənnilər Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə versiyada ifa olunur.

1990-cı ildə müğənni mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalır. Elə həmin illərdə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakultəsini bitirir. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konserti" çəkilişlələrində iştirak edir.

1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edir. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görür. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edir.

Brilliant Dadaşova 30-dan çox ölkədə səfərlərdə olub. Canından çox sevdiyi Azərbaycanı öz gözəl musiqiləriylə İsveçdə, Avstriyada, Almaniyada, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında və digər dövlətlərdə uğurla təmsil edib. Onu da qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxışlar edən ilk Azərbaycan müğənnisi məhz Brilliant xanım Dadaşova oldu. O, Rusiyanın ən böyük iki şəhərində — Moskvada və Sankt-Peterburqda çıxışlar etdi.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Mahnının sözləri Əlibala Hacızadənin, musiqisi Cavanşir Quliyevindir. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox sayda satıldı.

1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın “qızıl onluğu”nda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə müğənninin "Züleyxa" adlı diski çıxdı.

1998-ci ildə isə "Dərdimdən öləcəksən" adlı diski işıq üzü gördü. Eyniadlı mahnının musiqisi Nadir Əzimovundur.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın Əməkdar artisti fəxri adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.

1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü gördü. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Mehmedeli Erbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq oldu. Həmin illərdə müğənnini oğluna həsr etdiyi "Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanaraq “Turkcell”in reklam rolikinda istifadə olunmağa başlanıldı. Bundan sonra müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edən Briliant Dadaşovanın müəllifliyini tanıyan Türkcell şirkəti onunla 5 illik müqavilə imzaladı.

1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçildi. Oxucularımıza onu da deyək ki, Brilliant xanım ictimai xadim kimi də çox fəal olub. Belə ki, Bakı şəhəri, Səbail bələdiyyəsində işlədiyi müddətdə çoxlu xeyirxah işləriylə yadda qaldı. Neçə-neçə kimsəsizə köməklik göstərib, qocalar evində, uşaqlar evində konsertləriylə çıxışlar edib. Onlara maddi və mənəvi dəstək olub.

2000-ci ildən 2005-ci ilədək o, “Space TV”-də "Gözəllik dünyanı xilas edəcək" adlı verilişinin aparıcısı idi. Bir zamanlar Brilliant xanım "Akademiya" layihəsində istedadlı musiqiçilərə və ifaçılara karyera qurmaqda da yardımçı olmuşdu.

2008-ci ildə isə müğənni "Lider" televiziyasında "Mən sənətkaram", 2012-ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr" proqramının aparıcısı olur. 2009-cu ildə Türkiyədə ona novbəti uğur gətirən "Masal dünyam" adlı albomu işıq üzü görür. 2012-ci ildə balaban ustası Əlixan Səmədovla birgə "Çıx Yaşıl Düzə" mahnısını yeni versiyada ifa edir və mahnıya çəkilən klip Türkiyə telekanallarında böyük uğurla yayımlanır. 2013-cu ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edir.

2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülüb.

Rus dram teatrının rəhbəri Ədalət Hacıyevlə evlidir. Məşhur cütlüyün Cahad adlı bir oğlu var.


Hazırladı: Fuad BİLƏSUVARLI
Geri dön